Prezident İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə bir çox maraqlı məqamlara diqqət cəlb etdi. O bildirdi ki, erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar: "Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində rüşvət deməkdir".
Bununla ölkə prezidenti Avropanın da rüşvət çirkabına bulaşdığını diqqətə çatdırdı. Siyasi şərhçilərin sözlərinə görə, söylənilən fikirlər tam əsaslıdır. Enyi zamanda belə vəziyyət Avropanın strateji maraqlarını da sual altına ala bilən amil kimi dəyərləndirilir.
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov ölkə Prezidentinin bu fikirlərini dəstəklədiyini bildirdi: "Məhz rüşvət, korrupsiya elə Avropanın özündən dünyaya ixrac olunur. Onlar məhz Avropanın özündə formalaşıb. Bu gün Avropa özündə olan minlərcə mənfini görməyib, yeni müstəqillik qazanan ölkələri vurmağa çalışır. Onlar kiçik bir səhvdə belə ölkələri ittiham etməyə can atırlar. Avropa özündə mövcud olan qəbahətləri görməyib, həmin qüsurları digər, yeni demokratik yol seçmiş dövlətlərdə axtarır".
Partiya sədri hesab edir ki, bir dövlətdə korruspsiyanın olması həmin dövlətin maraqlarına daban-dabana ziddir: "Çünki, şəxsi mənafe, rüşvət varsa, bu, dövlətin strateji maraqlarına cavab verə bilməz. Bu ab-hava Avropanın özündə mövcuddur. Biz dəfələrlə Avropa Şurasının, Avropa Parlamentində qəbul edilmiş qərarların bir çoxunda bu halları görə bilərik. Siyasətlə məşğul olan insanlar qəbul edilmiş qərarların necə əmələ gəldiyini aydın sezə bilir. Maddi maraq ortaya çıxanda həmin dövlətin strateji maraqları itir. Avropa hazırda bu durumu yaşayır".
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirdi ki, Avropa bu gün özünü nə qədər ağ rəngdə göstərməyə çalışsa da, əsl həqiqətlər barədə bütün dünya məlumatlıdır: "Prezidentin qeyd etdiyi məsələlər öncədən dəqiqləşdirilib. Misal üçün Azərbaycanda fəaliyyət göstərən "5-ci kalon"u göstərə bilərik ki, lobbiçilik fəaliyyəti ilə məşğuldur. Amma lobbiçilik bir sıra dəyərlər, standartlar çərçivəsində aparılan təbliğat işidir. Sadəcə olaraq, son vaxtlar Azərbaycan bağlı aparılan təbliğatlar məkrli niyyətlər üzərində qurulub. Burada isə daha çox QHT-lərdən faydalanırlar. Azərbaycanda da belə QHT-lər dəfələrlə ifşa olunub ki, fəaliyyətlərində rüşvətxorluq, dövlət əleyhinə nüanslar durub".
Ümumiyyətlə, presedent yoxdur ki, lobbiçiliklə məşğul olanlar dövlətdən pul alsınlar: "Xüsusi ilə də xarici dövlətlərdən maliyyə yardımı almaq qanuna ziddir. Yalnız qeyri-rəsmi formada həyata keçirilir. Məsələn, fövqəl dövlətlər inkişaf etməkdə olan ölkələrə lobbiçilik fəaliyyəti göstərən QHT-lər təsir edirlər. Lobbiçilik fəaliyyətində dövlətlərin özləri informasiya infrastrukturunu qururlar. Bu, öz maraqlarımız kontektsindən dövlətə xəyanət, digər dövlətlərin fəaliyyəti kontektsindən isə beynəlxalq hüquqa hörmətsizlikdir".