Azərbaycan və iş adamlarımıza xaricə sərmaya yatırmaq üçün daha bir şans yaranıb. Belə ki, bir müddətdir siyasi sabitsizlik yaşayan Ukrayna dövlət müəssisələri özəlləşdirilir. Özü də olduqca sərfəli qiymətlərlə. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan iş adamları sözügedən özəlləşmədən yararlana bilərlər. Hətta prosesdə Azərbaycan dövlət səviyyəsində də iştirak edə bilər.
"Value and Sources Konsaltinq" şirkətinin baş direktoru Rəşad Əliyev bildirirdi ki, Ukraynada dövlət mülkiyyətində qalan müəssisələr əsasən infrastruktur, energetika, nəqliyyat sisteminə aid müəssisələrdir: "Belə müəssisələr əsasən iri və həmin sahədə ixtisaslaşdırılmış şirkətləri maraqlandırır. Azərbaycanda isə belə şirkətlər azdır. Buna görədə bu cür aktivlər SOCAR, "Azərenerji", "Azərişıq" və s. kimi müəssisələri maraqlandıra bilər. Enerji sektorunda bu cür investisiyalar həyata keçirmək qabiliyyətinə bizdə ancaq SOCAR qadirdir.
Özəlləşdirməyə çıxarılan əmlakın spesifik xarakter daşıması bizim orta biznesi ümumiyyətlə, maraqlandırmayacaq. Fikrimcə, Ukraynaya maraq göstərən iş adamlarımızı orada daha çox başqa aktivlər maraqlandırır. Onu nəzərə almaq lazımdır ki, ucuz heç nə yoxdur. Əgər qiymətlər kiməsə ucuz görünürsə, bunu onun ucuzluğu yox, həmin ölkədə risklərin yüksək olması ilə əlaqələndirmək lazımdır. Buna görə də yekun olaraq Ukraynada özəlləşdirmədə ölkə şirkətlərinin fəal iştirakı inandırıcı görünmür. Ukraynada hadisələrin gedişatına dair hazırda heç kim konkret heç nə deyə bilməz".
"Koneko" qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc hesab edir ki, Azərbaycanın xaricə - hansısa ölkəyə sərmaya qoyması məqsədəuyğundur: "Bu, xaricdə ölkənin gücünün göstəricisidir. Ölkə iqtiadiyyatına müsbət təsir edən amillərdən biridir. Kənara investisiya yatırılması həmin ölkənin iqtisadiyyatının kifayət qədər geniş şaxəli olduğunu göstərir. Bu da ölkənin beynəlxalq nüfuzuna dəstək verir. Eyni zamanda ölkə iqtisadiyyatının inkişafına birbaşa müsbət təsir göstərir. Həmçinin, nəzərə alaq ki, Azərbaycan artıq bu istiqamətdə praktikası var. Azərbaycan bir neçə ölkədə investisiya yatırıb. Sevindirici haldır ki, qardaş Türkiyə dövlətinin iqtisadiyyatına kifayət qədər böyük məbləğdə investisiya yatırmışıq. O cümlədən Moldova iqtisadiyyatına da Azərbaycan dövləti yatırım edib. İndiki halda yaxşı olardı ki, bu proses həm dövlət, həm də ayrı – ayrı özəl şirkətlər, iş adamları səviyyəsində reallaşdırılısın. Çünki, Ukrayna cəlbedici iqtisadiyyata malik olan dövlətdir. Onu da unutmayaq ki, keçmiş SSRİ respublikalarının içərisində mərkəzdən birbaşa yardım almadan öz iqtisadiyyatını quran dövlətlərdən biri məhz Ukrayna olub. Hazırda da Ukraynada geniş iqtisadi imkanlar mövcuddur. Azərbaycan tərəfi isə dövlət və biznes adamları səviyyəsində bu imkandan yararlanmalıdır".
Ekspert əlavə etdi ki, siyasət həmişə iqtisadiyyatla qarşılıqlı bağlı olub: "O baxımdan Ukraynada bugünkü siyasi vəziyyəti unutmamalıyıq. Bu gün orada siyasi müstəvidə müəyyən problemlər yaşanmaqdadır. Amma nəzərə alaq ki, sözügedən dövlət böyük dövlətdir, geniş iqtisadi imkanlara malikdir. Ukraynanın bu gün Qərblə birbaşa əlaqələri var. Qərbin dəstəyini almaq istiqamətində ciddi addımlar atır. Eyni zamanda siyasi sistem formalaşıb. Odur ki, yuxarıda söylənilən siyasi risklərə nəzərən Azərbaycan Ukraynın sözügedən sahəsinə sərmaya yerləşdirə bilər. Ukrayna perspektivə malik olan dövlətdir. Avropa ilə Azərbaycan arasında körpü rolunu oyana bilər. Bu baxımdan müəyyən siyasi risklərə baxmayaraq, Azərbaycan-Ukrayna iqtisadi münasibətləri davam etdirilməlidir. Oxşar odur ki, Azərabycanın da ərazi bütövlüyü kimi problemi var. Ancaq buna rəğmən, Qərb və qonşu dövlətlər Azərbaycan iqtisadiyyatına yatırım yerləşdirirlər. Ukraynada da eyni problemdir. Odur ki, bu amil iqtisadi əlaqələrin qurulması üçün problem ola bilməz".