Azərbaycan ərəb ölkələrinə silah satacaq

23 İyul 2015 12:00 (UTC+04:00)

"Hazırda bir sıra ölkələrlə müxtəlif çaplı döyüş sursatlarının, bir neçə ərəb ölkəsi ilə RPQ-7V2 qumbaraatanlarının, snayper tüfənglərinin, ABŞ və Rusiya ilə optik nişangahların ixracına dair danışıqlar aparırıq". ANS PRESS-in məlumatına görə, bunu "Azeri Defence" jurnalına müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir qeyd edib ki, bunlar real müzakirələrdir: "Bu yaxınlarda İraqdan təklif almışıq. İraqa 500 ədəd RPQ, 500 ədəd minaatan, həmçinin onların döyüş sursatlarını ixrac edəcəyik. Ümid edirəm ki, davam edən danışıqların nəticəsi olaraq, 2015-ci ildə ixrac istiqamətində mühüm nailiyyətlərə imza atacağıq". Y.Camalovun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi (MSN) 2013-cü ildə 123, 2014-cü ildə isə 100 milyon dollar həcmində ixracat həyata keçirib. Onun fikrincə, nazirliyin 10 ildir yarandığı, bunun ilk 3-4 ilinin formalaşma dövrü olduğu nəzərə alınsa, qısa müddətdə bu ixrac rəqəminə yetişmələri MSN-in uğuru hesab oluna bilər.