Türkiyə Dövlət Təhlükəsizlik müşaviri hesabat təqdim edib - Neçə nəfər İŞİD-ə qoşulub

23 İyul 2015 18:00 (UTC+04:00)

Türkiyənin Dövlət Təhlükəsizliyi müşaviri Məhəmməd Dərvişoğlu xarici döyüşçülərlə bağlı ətraflı bir hesabat təqdim edib. Avropa.info xəbər verir ki, Nazirlər Kabinetinin dünənki iclasında Dövlət Təhlükəsizliyi müşaviri Məhəmməd Dərvişoğlunun təqdim etdiyi hesabatda İŞİD-də döyüşən türklərin də sayı açıqlanıb. Hesabatdakı bəzi məlumatlar belədir: -İraq və Suriyada İŞİD-in tərkibində iraqlılardan və suriyalılardan başqa 24 min xarici vətəndaşın döyüşdüyü ehtimal olunur. Bütün bunlarla yanaşı İŞİD-in ümumi döyüşçülərinin sayı 40-70 min arası olduğu ehtimal olunur.

-Xarici döyüşçülərin əksəriyyəti Avropa ölkələrindən gəlmişdir. Bundan başqa 2015-ci ilin iyul ayına qədər olan rəqəmlərdə İŞİD-ə qoşulan geri dönən və ya orada gedən döyüşlərdə həlak olan türklərin sayı 1000-1300 arasıdır.

- 3000-dən çox xarici ölkə vətəndaşı ölkəyə giriş üçün viza alarkən şübhəli şəxs qismində sorğuya çəkilib. Bunlardan 1000-ə yaxınına ölkəyə giriş icazəsi verilməmiş, ölkə daxilində şübhəli şəxs qismində saxlanılan 300-dən çox xarici ölkə vətəndaşı da Türkiyədən deportasiya olunub.

-108 ölkədən təxminən 16 min nəfərin Türkiyəyə girişi qadağan edilib. Siyahıda olanların 50 %-i isə Şimali Afrika və Yaxın Şərq ölkələrinin vətəndaşlarıdır. Geri qalanların 23 %-i Şimali Amerika və Avropa ölkələrinin vətəndaşları, 23 %-i isə Şərqi Avropa və Asiya ölkələrinin vətəndaşlarıdır.

-2014-cü ildə Türkiyədən deportasiya olunanların sayı 520 olduğu halda 2015-ci ilin ilk yarısında bu say 570-ə çatmışdır.