Sədaqət Qəhrəmanova: "“Qadınları məktəbdən gətirib icra başçısının müavini qoymaq olmaz”

28 İyul 2015 15:10 (UTC+04:00)

"Bu gün icra hakimiyyətləri başçılarının müavinlərinin çoxu qadındır. Amma mən onlara baxanda narahatlıq keçirirəm. Qadınları birdən-birə məktəbdən gətirib icra başçısının müavini qoymaq olmaz. Onları bu vəzifəyə hazırlamaq lazımdır".

Movqe.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "KİV-də Qadın və uşaq problemləri" mövzusunda keçirilən dəyirmi masada söyləyib.Komitənin sədr müavini eyni zamanda qeyd edib ki, qadınları vəzifədən tamamilə uzaqlaşdırmaq da düzgün deyil. Sadəcə olaraq onlar bu vəzifəyə təyin olunmazdan öncə müəyyən işlərdə çalışmalı, ən azından şöbə müdiri kimi fəaliyyət göstərməlidirlər: "İcra başçılarına qadın müavinlər təyin edilməzdən öncə, onlar apartda referent, şöbə müdiri kimi işləməlidirlər. Yəni, o sistemin içində olmalı, yetişməli, sonra onu icra hakimiyyəti aparatında daha yüksək vəzifəyə təyin etmək olar. Elə məktəbdə də belədir. Müəllimi birdən-birə məktəb direktoru təyin etmirlər ki. Bu vəzifəyə yüksəlmək üçün o sinif rəhbəri, tədris hissə müdiri, direktor işləyir. Ona görə də, bu iş də belə, mərhələ-mərhələ aparılmalı, hər bir sistemdə kadr mərhələ-mərhələ yetişməlidir. Bu gün bir-iki rayon istisna olmaqla  respublika üzrə bütün rayonlarda icra başçılarının müavinlərinin demək olar ki,  hamısı qadındır.  Bu ulu öndərimiz Heydər Əliyevin 2000-ci ildə imzaladığı  qadın siyasəti ilə bağlı fərmanına əsasən icra olunur. Bu fərmanı əlimizdə rəhbər tutaraq biz hər il rəhbər vəzifədə çalışan qadınların statistikasını hazırlayıb Prezident Adminstrasiyasına təqdim edirik. Hansı sahədə boşluq varsa,qadınlar az təmsil olunurlarsa bununla bağlı hesabat  hazırlayırıq. Bu gün hansısa sahədə qadınların rəhbər işlərində təmsilçiliyi demək olar ki, yox dərəcəsində deyil.  Bütün sahələrdə son illər qadınların vəzifələrə təyinatının şahidi oluruq. Bizi son illərərə qədər bələdiyyə sahəsində qadınların təmsilçiliyi narahat edirdisə, artıq bu sahədə də boşluq demək olar ki, aradan qalxıb. Hazırda bələdiyyələrdə qadınların təmsilçiliyi 35 faiz təşkil eidr. İcra Hakimiyyətlərində də müavinlərin təyinatı getdi. Problem nazir, icra başçısı  qadınların olmamasındadır. Artıq o kontingent də yetişib. Son zamanlarda bunların da təyinatı baş verəcək. Kadr siyasəti ən incə, ən vacib siyasətdir. Birdən-birə beynəlxalq təşkilatların kvotasına görə,  tez bir zamanda icra etmək də olmaz. Biz  çox çətin bir yol keçmişik.  Hələ də Azərbaycan müharibə şəraitindəyik. Bu 20 il ərzində insanların psixoloji stresi  hamısı bizim qarşımızda olan problemlərdir. Hansıki bunların çoxu qadına təsir edən problemlərdir. Təbii ki, qadın hazırlanmalıdır.Və ən vacibi qadın onu istəməlidir. Çünki, qadın istəməyəndə mütləq onun ailəsində problem yaranacaq. O, böyük yükü üzərinə götürür. Ona görə də, biz bununla bağlı marifləndirmə aparırıq, qadınları aktivləşdiririk. Bununla yanaşı o hazırlanmalı, öz məsuliyyətini dərk etməlidirlər".