Avro kəskin şəkildə ucuzlaşacaq…

29 İyul 2015 10:45 (UTC+04:00)

Dünyada avronun məzənnəsində dəyişikliklər davam edir. ABŞ Mərkəzi Bankının faiz dərəcələrini artıracağına dair yayılan məlumatlar fonunda isə avronun payızdan etibarən sürətlə ucuzlaşması gözlənilir. Bu fonda bir sıra dövlətlər valyuta ehtiyatlarında struktur dəyişikliyinə başlayıblar. Ehtiyat valyutada avronun həcmini azaldırlar. Bəzi iqtisadçılar Azərbaycanın da oxşar addım atmasını təklif edirlər. Hansı ki, bu bu gün Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelində 34 faizlə avro ikinci sıradadır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov hesab edir ki, Dövlət Neft Fondunun (DNF) ehtiyatlarının yerləşdirilməsi siyasətinə yenidən baxmaq lazımdır: "Bu, Nef Fondunun vəsaitlərinin idarə edilməsinin gəlirliyi baxımdan daha uyğun olardı. Belə ki, DNF-nun vəsaitərinin əvvəlki illərdə idarə edilməsindən əldə olunan gəlirlər 4% idisə, hazırda bu rəqəm 1% civarındadır. Bu, onu göstərir ki, DNF vəsaitlərin idarə edilməsində yeni yanaşma ortaya qoymalıdır. Amma 34%-lik paya malik avronun azaldılması məsələsinə gəldikdə bu, bir qədər təhlillər tələb edən mövzudur. Baxmayaraq ki, bütün beynəlxalq maliyyə qurumlarının hesabatlarında, proqnozlarında Yunanıstan böhranın avronun məzənnəsinə təsir edəcəyi ilə bağlı yanaşmalar var idi. Lakin son baş verənlər onu göstərdi ki, 2008-ci ildən sonrakı hadisələr nəticəsində avrozonanın iqtisadi subyektləri, o cümlədən ölkələr problemə qarşı müəyyən qabaqlayıcı addımlar atdılar. Nəticədə nə qədər qarışıqlar olmasına baxmayaraq, avronun məzənnəsinin kəskin şəkildə ucuzlaşmasını müşahidə etmədik. Amma mümkündür ki, bundan sonra hansısa böhrandan qayanqlanaraq və rəsmi Brüsselin ixracı stimullaşdırmaq məqsədi ilə avro ucuzlaşsın. Belə olduğu təqdirdə Azərbaycan itirə bilər. Lakin DNF-da avroda itkisi dollar ilə kompensasiya olunur. Dolların həcmi avroya nisbətən daha çoxdur".

Ekspert hesab edir ki, ümumiyyətlə, həm avro, həm də dollar ilə olan vəsaitlər pul şəklində saxlamaq uyğun deyil: "Daha aktiv investisiya siyasəti həyata keçirərək vəsaitləri real sektora yönəltmək mümkündür. Məsələn, səhm sektoruna müəyyən yatırımlar etmək olardı. Pul şəklində vəsaitlərin saxlanılmasının nə dərəcə doğru olması variantı üzərində işləmək lazımdır. Yəni, DNF vəsaitlərin idarə edilməsi və yerləşdirilməsinə yeni yanaşma tətbiq etməlidir".

Digər iqtisadçı Oqtay Haqverdiyev isə hesab edir ki, DNF strukturunda avronun payı azdır: "Onu dəyişməyin mənası yoxdur. Prinsipcə, onu etmək də, etməmək də eyni effekt verir. Çünki, manatın kursu bivalyuta əsasında təyin olunur. Avronun kursu qalxırsa, avroda udur, dollarda uduzuruq. Dollarda da həmçinin. Burada müəyyən proporsiya var. Ancaq yaxşısı budur ki, avronun miqdarı saxlanılsın. Biz pul-kredit siyasətimizi dollar-avro münasibətinə uyğun qururuq. Yəni, nədəsə uduzuruqsa, digərində mütləq uduruq".