Türkiyədən sərt Qarabağ mesajı

29 İyul 2015 07:15 (UTC+04:00)

Qardaş Türkiyə Qarabağ məsələsində ölkəmizə tam siyasi və hərbi dəstək verdiyini bir daha bəyan etdi. Bunu Türkiyənin milli müdafiə naziri Vecdi Gönülün açıqlamalarından növbəti dəfə görmək mümkündür. Nazir bildirib ki, regionda sabitliyin təmin edilməsi üçün beynəlxalq hüquq prinsipləri çərçivəsində Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalına son qoymağın vaxtı gəlib çatıb: "Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr bir daha Cənubi Qafqazda sabitlik və sülhün bərpa edilməsi üçün əsas maneə olan Dağlıq Qarabağ münaqişəsinin dərhal nizamlanmasının vacibliyini göstərir. Regionda sabitlik və sülhün təmin edilməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan torpaqlarının azad edilməsi halında mümkündür".


Hasan Oktay: "Ermənistandakı iqtisadi, siyasi vəziyyət İrəvana Qarabağ yükünü daşımağa imkan vermir"



Siyasi təhlilçilər bu açıqlamanı bir mesaj olaraq görürlər. Mövzu ilə bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay "Mövqe"yə bildirdi ki, Türkiyə Qarabağ məsələsində özünü tərəf kimi görür: "Amma Türkiyənin Şərqə açılan 3 qapısından biri olan Ermənistan qapısı Qarabağ münaqişəsi üzündən bağlıdır. Sırf buna görə Türkiyə Qarabağ məsələsində tərəfdir. Problemin həlli üçün əlindən gələni edir.

Hazırda Ermənistandakı iqtisadi, siyasi vəziyyət İrəvana Qarabağ yükünü daşımağa imkan vermir. Son hadisələr Ermənistanı narahat edib. Bu fonda Qarabağ mövzusunda barış yolu ilə ediləcək həmlələrə daha çox ehtiyac var. Türkiyə və Azərbaycan birlikdə Rusiyanı da işə cəlb edərək Qarabağ məsələsində irəliləmə əldə edə bilərlər".


İlqar Vəlizadə: "Türkiyə bütün hallarda prosesə təsir edir"


Digər siyasi şərhçi İlqar Vəlizadə isə hesab edir ki, yaxın perspektivdə Türkiyənin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə qoşulması mümkün görünmür: "Lakin Türkiyə bütün hallarda prosesə təsir edir. Çünki, o maraqlı tərəfdir. Ermənistanın blokadadan çıxmasında mühüm rol oynayan ölkədir. Odur ki, nə olsa da, Türkiyə proseslərin içindədir. Türkiyənin mövqeyi çox vacibdir. Türkiyənin müdafiə nazirinin çıxışı həm Ermənistana, həm də münaqişəni tənzimlənməsi ilə məşğul olan həmsədrlərə mesajdır. Bu yaxınlarda İŞİD ilə bağlı proseslərdə ABŞ və Türkiyə arasında sövdələşmə oldu. Yəni, Türkiyə-ABŞ siyasi, hərbi cəhətdən yaxınlaşması baş verir. Bu yaxınlaşma müəyyən qədər Qarabağ probleminə də təsir göstərəcək".


Üzeyir Cəfərov: "Türkiyə bizə qardaş ölkə kimi Azərbaycanın yanında olmağa çalışır"


Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, cəbhədəki hadisələr bu prosesə region dövlətlərinin də münasibət bildirməli olduğunu göstərdi: "Çox xoş haldır ki, Türkiyə müdafiə naziri problemə belə münasibət bildirib. Regionda müharibə ocağının olması Türkiyəni narahat edir. Ona görə də onlar hər vəchlə bu problemin sülh yolu ilə həll edilməsini dəstəkləyirlər. Amma görünən odur ki, məsələnin sülh yolu ilə həlli də mümkün deyil. Çünki, Ermənistan havadarları vasitəsi ilə münaqişənin uzanmasında maraqlıdır. İş Türkiyəyə qalsa idi, Qarabağ problemi çoxdan həllini tapmışdı. Bəzi ölkələr Türkiyənin ATƏT-in Minsk qrupunda fəaliyyətini görmək istəmirlər. Bu da bir xristian təəssübkeşliyindən irəli gəlir. Ancaq proseslərdə Türkiyə özünün açıq mövqeyini ortaya qoyması bizim xeyrimizə olan amildir. Türkiyə hər zaman müxtəlif səviyyələrdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Türkiyə haqqın yanındadır və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün çalışır. Amma bu, təkcə Türkiyənin iradəsindən asılı olan məsələ deyil. Burada dünyanın aparıcı ölkələri hələ də seyrçi mövqe tuturlar. Lakin Türkiyə bu məsələnin sonsuzluğa qədər davam etməsini həzm etməyəcək. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında beynəlxalq güclərin ortaya mövqe qoymasına bir daha səy göstərəcək. Çünki, Dağlıq Qarabağ müharibəsi regiona böyük təhlükədir. Cəbhə bölgəsində baş verən hadisələr, Ermənistana yeni silahların təklif olunması və s. çox böyük narahatçılıqlardır. Türkiyə də bizə qardaş ölkə kimi Azərbaycanın yanında olmağa çalışır. 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupu konkret nəticə ortaya qoymayıb. Belə davam edərsə, elə 20 il də məsələnin uzanmasında maraqlı görünürlər".