Bankların taksit kartları müştəriləri daha çox ziyana salmağa başladı

30 İyul 2015 08:00 (UTC+04:00)

Komisyon haqları aşağı salındığından bir çox mağazalardan kartlar vasitəsilə edilən alış-veriş taksit kimi deyil, kredit xətti şəkilində rəsmiləşdirilir

Bu gün ölkə banklarının əsas qazanc yerlərindən biri kimi də taksit kartları çıxış etməkdədir. Hazırda müxtəlif banklar bu istiqamətdə fəaliyyət dairələrini genişləndirməkdə, dövriyyəyə müxtəlif adlarda taksit kartları daxil etməkdədirlər.

Mərkəzi Bankın qərarı ilə banklar tərəfindən istehlak kreditlərinin verilməsi ilə bağlı qaydalar sərtləşdirildikdən sonra taksit kartları daha çox populyarlıq qazanmağa başlayıb. Halbuki, taksit kartlarından geniş istifadə özü də son nəticədə banka borclu insanların sayını artırır. Amma son proseslər taksit kartları ilə bağlı daha bir problemi üzə çıxarıb. Belə ki, Mərkəzi Bankın kommersiya banklarına komisyon haqlarını 1%-ə endirilməsi barədə tövsiyəsindən sonra, taksit kartları ilə aprılan əməliyyatların şərtlərində dəyişiklik baş verib.

"Marja"nın bank sektorundan əldə etdiyi məlumata görə, komisyon haqları aşağı salındığından bir çox mağazalardan kartlar vasitəsilə edilən alış-veriş taksit (aylıq hissələrlə) kimi deyil, kredit xətti şəkilində rəsmiləşdirilir: "Banklar partnyor mağazalar ilə iki qaydada işləyir. Razılaşmadan asılı olaraq, ya partnyor mağaza malın dəyərinin müəyyən hissəsini banka ödəyir. Məsələn, nağd qiyməti 100 manat olan mal taksit ilə də 100 manata alındıqda, malın dəyərinin 6%-i və ya 6 manatı banka qalır. Bu zaman kart sahibi mağazadan malı əlavə komisyon və faiz ödəmədən nağd qiymətinə alır və bərabər hissələrlə borcunu taksit ayları üzrə banka ödəyir. Ya da, elə mağazalar olur ki, onlar malın qiymətindən banka müəyyən hissəni ödəmək istəmirlər, yəni bizə endirim olunmur. İndiyədək bu halda faiz malın üzərinə gəlinirdi. Məsələn, 100 manatlıq mal 9 aylıq taksit ilə alındıqda, müştəriyə əlavə, tutaq ki 12% ödəyəcəyi bildirilirdi və 112 manat 9 aya bölünürdü. Bu zaman 12% bankın tutduğu komisyon haqqı idi. Yeni tələbə görə, komisyon haqqı 1%-dən çox ola bilməz. Buna görə, banklara endirim etməyən mağazalardan edilən alış-verişlər kredit xətti kimi rəsmiləşdirilir. Belə mağazalar bankların partnyorlarının 10%-i qədərdir".

Mənbənin sözlərinə görə, hazırda banklara güzəşt verməyən mağazalardan edilən alış-verişlər taksit hesab edilmir, belə əməliyyatlar kredit olaraq rəsmiləşdirilir və faiz kart sahibindən tutulur: "Məsələn, kart sahibi, hansısa bir mağazadan 100 manatlıq geyimi 6 ay müddətinə aldığı zaman ona, əlavə 12% ödəyəcəyi barədə məlumat verilir. İndi bu 12%, kredit faizidir. Alış-veriş kredit olaraq rəsmiləşdirildiyindən kart sahibi hər ay faizi ödəməlidir. Əsas borcu isə növbəti aylar ödəyə bilər. Əgər taksitdə, kart sahibi malın dəyərini hər ay bərabər hissələr ilə geri ödəməlidirsə, kredit xətti zamanı hər ay faizi ödəməklə, krediti 12 aya və daha uzun müddətdən sonra da geri qaytarmaq olar. Bu halda müştəri əlavə faizlər ödəyir".

Bir sıra məşhur geyim brendlərinin Azərbaycanda rəsmi təmsilçisi olan "Sinteks" MMC-dən "Marja"ya bildirilib ki, banklar onlar ilə müqaviləni yeniləyiblər. Əvvəllər taksit kartı ilə edilən alış-veriş zamanı komisyin faizi malın üzərinə əlavə olunurdusa, hazırda kart sahibi faizi kredit faizi olaraq ödəyir:

"Əvvəllər mağazalarımızdan, məsələn, əlavə 6% komissiya daxil 106 manata, 6 aylıq taksitlə alınan bir məhsulun dəyərinin 100 manatı bizə ödənilirdi, 6%-i və ya 6 manatını bank özündə saxlayırdı. Yenilənmiş müqaviləyə görə isə, faiz taksit kartının sahibindən kredit faizi olaraq tutulur, yenə də, mağazanın pulu 100% ödənilir. Faktiki olaraq, kart ilə 100 manata alınan mal, müştərinin geri ödəməsindən asılı olaraq taksitli qiymətdən (bizim nümunədə 106 manat) aşağı və ya yuxarı da ola bilər. Əgər faiz və əsas borc daha tez ödənilərsə, mal alıcıya daha ucuz, daha uzun müddətə ödənilərsə baha başa gələ bilər".

O d aqeyd olunur ki, bir çox mağazaların banklara güzəşt etməmələri, qiymətləri artırmaları ilə bağlıdır. Əhali arasında geniş istifadə olunan taksit kartlarının internet səhifələrinə nəzər salanda isə bəlli olur ki, bəzi brendlər üzrə 3-9 aylıq taksitlər "Faizsiz" göstərildiyi halda, bir çox brendlər üzrə isə 3-10% əlavə faiz tələb olunur. Bütün bunlara görədir ki, daha çox taksit kartlarının dövriyyəyə buraxılması və istifadə edilməsi bankların marağında olan bir məsələdir. Çünki bu halda müştəri cəlb etmək imkanları da artır. Bu isə daha çox qazanc deməkdir.