Müharibə alovu şiddətlənir…

30 İyul 2015 07:00 (UTC+04:00)

Cəbhədə növbəti erməni təxribatı davam edir. Artıq uzun zamandır ki, düşmən iriçaplı silahları işə salıb. Bundan başqa, iyulun 28-dən 29-a keçən gecə cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Hərçi-ekspertlər cəbhədə bu cür gedişin proseslərin genişmiqyaslı əməliyyatlara qədər aparacağını güman edirlər. Məsələn, ekspert Üzeyir Cəfərov hesab edir ki, münaqişə həll olunmadığı müddət ərzində müharibə ehtimalı həmişə var: "Bunu hər dəfə çıxışında ölkə Prezidenti də vurğulayır. Hadisələr vəziyyətdən asılıdır. Xatırlayaq ki, ötən ildə də təxminən bu aylarda cəbhədə aətşkəs kəskin şəkildə pozulmuşdu. Həmin vaxt vəziyyət bir anlıq olsa, nəzarətdən çıxa və genişmiqyaslı əməliyyatlar başlaya bilərdi. Cəbhədə onsuz da vəziyyət həmişə həssas olub. Siyasi proseslərdə də hansısa hadisələr baş verdikdə cəbhədə vəziyyət bir qədər də şiddətlənir. Düşmən mütləq cavabını almaqlıdır və alır da. İriçaplı silahlardan istifadə isə düşmən təxribatlarının bir növüdür. Amma bu gün cəbhə münasibətlərinin ağır texnika müstəvisində həll edilməsinə ehtiyac yoxdur. Çünki, ağır texnika işğaldan azadetmə əməliyyatlarında istifadə edilir. Rusiya amilini nəzərə almaq lazımdır. O, Qarabağ münaqişəsi olduğu müddət ərzində hər iki ölkəyə təsir imkanları yaratmış olur. Xüsusi ilə də hər kəsə bəllidir ki, Ermənistan Rusiyanın tabeliyində olan formal dövlətdir. O baxımdan hələlik genişmiqyaslı əməliyyatlar düşünülmür".

Hərbi məsələlər üzrə digər ekspert Emin Həsənli bildirir ki, cəbhədə atəşkəsin kəskin şəkildə pozulmasında həmişəki kimi Ermənistan günahkardır: "İriçaplı silahlardan ona görə istifadə edirlər ki, cəbhəboyu ərazilərdəki yaşayış məntəqələri təbii şəkildə boşalsın. İnsanlar daim narahat içində yaşasınlar. Amma hər zaman hadisələrin dərinləşəcəyi ehtimalı var. Çünki, Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ermənistanın hərəkətlərin illərdir, göz yumur. Belə olduğu təqdirdə Azərbaycan özü bütün vasitələrlə hücumların qarşısını almağa məcburdur. Ona görə də cəbhədə iriçaplı silahların işə düşməsi hər an genişmiqyaslı əməliyyatların başlamasına şərait yaradır. Ermənistan Azərbaycanın ondan hərbi cəhətdən üstün olduğunu bilir. Odur ki, Rusiyanın dərhal reaksiyası olacaq. Amma Rusiya da hər yerdə müharibə apara bilməz ki! Bundan başqa, Azərbaycan ilə ikitərəfli əlaqələri mövcuddur".