Bölgələrdə QİÇS müayinə məntəqələri təşkil olunacaq

31 İyul 2015 16:21 (UTC+04:00)

3-10 avqust tarixlərində Azərbaycanda "İİV-ə testləşmə milli həftəsi" keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu "İİV-ə testləşmə Avropa həftəsi"nin (European testing week) müsbət təcrübə və nəticələrinə əsaslanaraq, yeni təşəbbüslə çıxış edib və cari ilin 3-10 avqust tarixlərini "İİV-ə testləşmə milli həftəsi" elan edib. "Testdən keç-təhlükəsiz yaşa" şuarı altında keçiriləcək bu kampaniya ölkədə İİV/QİÇS-lə mübarizənin daha da güclənməsi, insanların öz İİV-statusunu bilməsinin təmin edilməsi, yoluxma hallarının erkən aşkarlamnası və profilaktikasının genişləndirilməsi, bu sahədə əhalinin biliklərinin artırılması, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədini daşıyır. Kampaniya tədbirlərinə əhalinin əlçatanlığının təmin olunması üçün ölkənin ayrı-ayrı bölgələrində səyyar İİV-ə müayinə məntəqələri təşkil olunacaq.

"İİV-ə testləşmə milli həftəsi" BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramı olan UNAIDS təşkilatının 2013-cü ildə elan etdiyi "Sıfır – İİV-ə yeni yoluxmalar, Sıflr – İİV-lə bağlı damğalanma halları, Sıfır – İİV/QİÇS-dən ölum halları" strategiyası əsasında keçirilir.

Kampaniya çərçivəsində İİV-ə müayinələrin əsasən müəssisələrdə və iş yerlərində aparılması nəzərdə tutulub.