Bu gün Azərbaycanda Milli Kino Günüdür. Milli kinomuzun 117 yaşı tamam olur.
Movqe.az xəbər verir ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjet ("İlişdin") Azərbaycan kinosunun ilk filmləridir.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətlər (ticarət evləri) tərəfindən Bakı, Tbilisi, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. Həmin il adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı Azərbaycanın ilk bədii filminin çəkilişinə başlayıb. Filmi çəkmək üçün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tbilisidə çəkilib. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb.
1916-cı ildə Bakıda Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında Azərbaycanın ilk kinokomediyası çəkilib. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirilib.
1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başlayıb. Həmin illərdə çəkilən "Ulduz", "Şərikli çörək", "Bizim Cəbiş müəllim" və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhu, milli adət-ənənələri özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verib. Ötən əsrin sonunda çəkilən filmlər sırasında isə ən çox yadda qalanları Qarabağ münaqişəsindən bəhs edən "Özgə vaxt", "Biz qayıdacağıq", "Fəryad", "Arxada qalmış gələcək", "Dolu" kimi kinolentlər oldu.
Qeyd edək ki, ümumilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si Azərbaycan Milli Kino Günü kimi rəsmiləşdirilib.