Çimərlik ərazisində skuter sürənlər cərimələnəcək

3 Avqust 2015 14:04 (UTC+04:00)

Tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması olayı çimərliklərdə su nəqliyyat vasitələrindən istifadə qaydalarını yenidən gündəmə gətirdi. Baş verən hadisə bir daha təsdiqlədi ki, xüsusilə özəl çimərliklərdə su nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarında əməl edilmir, həmin çimərliklərdə çimən insanların həyatı təhlükə qarşısında qalır. Movqe.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, əslində çimərliklərdə su nəqliyyat vasitəsindən istifadə ilə bağlı bəlli tələblər olsa da, özəl çimərliklərin sahibləri pul qazanmaq xatirinə bu tələbləri pozaraq insanların həyatını təhlükə altında qoyur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev Movqe.az-a açıqlamasında bilıdirib ki, çimərlik ərazisində skuterin idarə olunması qadağandır. Amma  M. Piriyev buna baxmayaraq belə halların özəl çimərliklərdə qeydə alındığını söyləyib: "su hövzələrində su nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı tələblər var. Skuterlər ancaq şarla işarələnmiş müəyyən zolaq üzrə idarə olunmalıdır.  Skuterlərin su hövzələrində giriş və çıxış xəti var. Həmin su nəqliyyat vasitələri ilə su hövzələrinə hardan gəldi daxil olub çıxmaq olmaz. Bundan əlavə yaşı 18-ə çatmayan, xüsusi vəsiqəsi olmayan, spirtli içki qəbul edən şəxslər skuterlərdən istifadə edə bilməzlər".

M. Piriyev deyib ki, skuterdən istifadə zamanı xırda səhv həmin nəqliyyat vasitəsini idarə edən və ətrafdakı insanların həyatına təhlükə yarada bilər: "Öncə skuterdən istifadə edənlər mütləq xüsusi jilet geyinməlidirlər. Bundan əlavə skuteri çimərlik ərazisində sürmək qəti qadağandır".

M. Piriyev deyib ki, qazanc məqsədilə skuterlərin icarəyə verilməsi zamanı müəyyən şərtlərə əməl edilməlidir: "Bunu birmənalı şəkildə bilmək lazımdır ki, hər adam skuter idarə edə bilməz. Hətta FHN-nın hər əməkdaşına belə skuterdən istifadəyə icazə verilmir. Bunun üçün xilasetmə məntəqəsinin işçisi FHN-nın Akademiyasında müəyyən müddət kurs keçərək vəsiqə alır. Çünki, skuterdən istifadə zamanı manevr qaydalarında xırda səhv təhlükə yarada bilər. Çimərlik ərazisində isə bu səhvin olması həmin ərazidə çimən insanların xəsarət almasına, dənizdə batmasına səbəb ola bilər. Yəni təkcə skuteri idarə edənin deyil, ətrafdakıların da həyatı üçün təhlükə yarana bilər. Bununla yanaşı, skuterləri icarəyə verən istirahət obyektləri də bilməlidir ki, həm küləkli havada, həm də hava qaralan zaman insanları bu nəqliyyat vasitələrini istifadə etməkdən çəkindirmək lazımdır".

M. Piriyev təmsil etdiyi qurumun hələki qanunun tələblərini pozan çimərlik sahibləri üçün cərimə tətbiq etmək səlahiyyətinin olmadığını bildirib. Onun sözlərinə görə, qurum 30-dan çox Rayon İcra Hakimiyyətində marifləndirmə işi aparıb, mütəmadi monitorinq və reydlər təşkil edib: "Konkret olaraq bizim qurum qanunun bu tələbini pozan çimərlik sahiblərinə cəzalar tətbiq etmir. Çünki cərimə etməyə səlahiyyətimiz yoxdur. Amma gələcəkdə belə hallar baş verərsə, obyektlərə müəyyən cərimələr tətbiq oluna bilər. Bununla bağlı aidiyyəti qurumlara təkliflər vermişik"

M. Piriyev həmçinin qeyd edib ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda, FHN-nin 112 saylı telefon xidmətinə məlumat verisinlər: "Çimərlik ərazisində skuter idarə olunduğu faktı ilə qarşılaşdıqda vətəndaşlar 112-ə zəng edib məlumat versinlər. Əks halda həyatları təhlükə altında qala bilər. Bəzən həmin skuterləri vətəndaşlar FHN-nin dalğıcları olduğunu zənn edirlər. Bizim skuterlərdə FHN-nin hollaqramı olmaqla yanaşı qırmızı rəngdə olur. FHN-nin əməkdaşlarına belə çimərlik ərazisində skuter idarə etməyə icazə verilmir. Onlar şarla işarələnmiş zolaqla hərəkət edirlər. Hansı ki, həmin ərazi çimmək üçün qadağan olan ərazidir".