Movqe.az xəbər verir ki, Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədov Avropa Təbiət Elmləri Akademiyasının (EAEH) prezidentinin qərarı ilə mədəniyyətə və incəsənətə töhfəsinə, dünya birliyi qarşısında rəssam kimi xidmətlərinə görə EAEH-nın fəxri professoru yüksək elmi adına layiq görülüb, habelə ona EAEH-nın "Beynəlxalq cəngavərlər ittifaqı senatorunun ulduzu" yüksək mükafatı təqdim edilib.
Bundan əlavə, onun incəsənət sahəsində yüksək nailiyyətlərinin tanınması əlaməti olaraq, Sakit Məmmədovun fərdi markasının eskizinin hazırlanması və buraxılması haqqında qərar qəbul edilib. Mükafatlar rəssamın ad gününə həsr olunub: avqustun 5-də Sakit Məmmədovun 57 yaşı tamam olur.
Qeyd edək ki, Sakit Məmmədovun əsərləri dünyanın bir çox görkəmli siyasi xadimlərinin şəxsi kolleksiyalarında, Vatikanın muzeyində, "Opera" qalereyasında (Sinqapur), Bakı Müasir İncəsənət Muzeyində, R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Onun əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında sərgilənir, ABŞ, Almaniya. Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan, Avstraliya və digər ölkələrdə təşkil edilən sərgilərdə nümayiş olunur.
Azərbaycanın Əməkdar İncəsənət Xadimi Sakit Məmmədov "Dədə Qorqud" Beynəlxalq Türk Dünyası Fondunun "Dədə Qorqud" mükafatına və "Vətən övladı" qızıl medalına, yeddi dəfə birinci dərəcəli fəxri diploma, müxtəlif medallara, "Vera" beynəlxalq kubokuna layiq görülüb.
Prezident İlham Əliyev məhz onun əsərini - Roma Papası II İohann Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə edib. Sakit Məmmədov həm də ilk dəfə Azərbaycanda yaranan opalizm məktəbinin banisidir. Opalizm rəssamlıqda yeni üslubdur. Sakit Məmmədovun bütün tələbələri bu məktəbin davamçılarıdırlar. Hazırda Sakit Məmmədovun təqribən 10 tələbəsi həmin texnika ilə işləyir. Bu termin zəmanəmizə xas şəkildə - bədahətən yaranıb. Sakit Məmmədovun əsərlərində dolğunluğu ilə seçilən qırmızı, mavi, göy, tünd sarı rənglər onun sənətinin pərəstişkarlarını daim valeh edir. Onun əsərləri müalicə edir, sakitləşdirir, ürəyə təskinlik verir, saatlarla qarşısında durub tamaşa etmək istəyi yaradır.