İranın neft-qazı Avropaya Azərbaycandan daşınacaq

6 Avqust 2015 10:00 (UTC+04:00)

Xəbər verildiyi kimi, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti İranda səfərdə olub. Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti neft-qaz, energetika, nəqliyyat, rabitə kimi bir çox sahələrdə əməkdaşlıqla bağlı görüşlər keçirib.

Görüşlərdə İranın gələcəkdə "Transanadolu" qaz kəməri və "Transadriatik" boru kəməri vasitəsi ilə hasil etdiyi təbii qazı Avropa bazarına çıxarması məsələsi də əsas müzakirə mövzularından olub. Bu sıraya Bakı-Tiflis-Ceyhan ad əlavə olunub. Ekspertlər İranın Azərbaycanın kəmərlərindən istifadə etməsini ölkəmiz üçün müsbət hal kimi qiymətləndirirlər. Bu fonda tranzit xərclərindən gələn gəlirlər yanaşı, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınacaq.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, İrana qarşı sanksiya tətbiq edildikdən sonra da Azərbaycanın İranla normal qonşuluq siyasəti əvvəlki səviyyədə qalıb: "Sadəcə olaraq, sanksiyalardan sonra Azərbaycanla İran arasında xarici ticarət dövriyyəsi aşağı düşüb. Belə ki, 2012-ci ilə qədər İranla Azərbaycan arasında ticarət dövriyyəsi 600 milyon dollar idisə, embarqodan sonra bu rəqəm 300 milyon dollaraq düşdü. İkinci tərəfdən, embarqo aradan qaldırıldıqdan sonra dünyanın enerji xəritəsidə ciddi dəyişikliklər olacaq. İran qlobal enerji bazarında itirilmiş yerlərini bərpa edəcək. İran sanksiyadan öncə dünyanın 27 ölkəsinə xam neft ixrac edirdi. Sanksiyalardan sonra isə sutkalıq ixrac potensialı azaldı, ixac coğrafiyası isə 5 ölkəyə qədər daraldı. İndi isə İran dünya bazarına daxil olduqdan sonra Avropada ciddi rəqabət gedəcək. Ancaq bu rəqabət Azərbaycanla olmayacaq. Azərbaycan ilə İran arasında ciddi iqtisadi əlaqələrin yaradılması Azərbaycanın dövlət və enerji maraqlarına zidd deyil. Belə fikir ortaya atırlar ki, İran xam neftinin qlobal enerji bazarına çıxarılması Azərbaycan neftinin mövcud bazarlarının itirilməsi ilə nəticələnəcək. Digər fikir də ortaya atılar ki, İranın Avropa və ABŞ ilə yeni siyasi münasibətlərinin bərpa edilməsi Azərbaycanın enerji dövləti olaraq bu regionda mövqelərini zəiflədəcək. Ancaq bunlar tamamilə yanlış fikirlərdir.

Əvvəla, Azərbaycan nefti mənşəyinə görə yüngül, İranın ixrac etdiyi isə ağır neftdir. Ağır neft emal edən zavod ancaq ağır nefti qəbul edir. Bu baxımdan noyabr ayından sonra qlobal enerji bazarında İranla Rusiya arasında ciddi rəqabət başlayacaq. Çünki, embaroqdan sonra İran neftinin yerlərinin əksəriyyətini Rusiya nefti tutmuşdu. Çünki, Rusiya neftinin tərkibindən kükürdün fizik-kimyəvi göstəriciləri İranın ixrac neftinin xüsusi çəkisinə və tərkibinə yaxındır. Bu baxımdan rəqabət bu iki dövlət arasında gedə bilər. Elə ötən il SOCAR-ın əməkdaşları İranda olan zaman gələcək əməkdaşlığın konturları cızıldı. Biz İranla geoloji kəşfiyyat, ixac işlərində, birgə istifadə məsələndə, Avropa bazarlarında İran neftinin marketinqinin təşkil olnması, tranzit məsələsində İranla əməkdaşlıq edə bilərik. Bu da hər iki ölkə üçün böyük töhvələr verəcək".

Ekspert əlavə etdi ki, İranın Azərbayanın ixrac güclərindən istifadə etməsi yeni hal deyil: "Bunun əsası ötən ildən qoyulub. Odur ki, İranın gələcəkdə Azərbaycanın ixrac kəmərlərindən istifadə etməsi tamamilə məntiqlidir. Çünki, İran çox qısa müddətdə Avropaya neft ixrac edə bilməyəcək. Buna kifayət qədər vaxt lazımdır. Bundan başqa, yeni müqavilələr imzalanmalı, danışıqlar, aparılmalıdır. Bunların hamısı da vaxtaparan məsələlərdir. Bəli, ola bilər ki, İranın saxlanclardakı ehtiyatlarını çıxarıb satarsa, neftin qiyməti düşər. Amma çox yaxın perspektivdə bu, ağlabatan deyil. Odur ki, əməkdaşlığın daha da genişlənməsi dünyanın enerji xəritəsində ciddi dəyişiklik yaradacaq. İran özünün qaz ehtiyatlarının Avropaya ixrac məsələsində mütləq Azərbaycanın və Türkiyənin ixrac güclərindən istifadə edəcək. Çünki, ən real marşrut həmin yoldan keçir".

Zəfər Vəliyev qeyd etdi ki, İranın bizim ixrac güclərimizdən istifadə etməsi bizə tranzit məsələsində divident qazandıracaq: "Ən əsası isə Azərbaycan bir dövlət olaraq qlobal enerji bazarlarında uzun müddət etibarlı tərəfdaş kimi mövqe qazanacaq. Dövlət olaraq siyasi üstünlüklər əldə edəcəyik".