Nazirlik: "Xəzər sahili ərazilərdə balıqlar tələf olmayıb"

5 Avqust 2015 17:56 (UTC+04:00)

Azərbaycanın Xəzər sahili ərazilərində balıqların tələfatına təsadüf edilməyib.  

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Movqe.az-a verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrindən daxil olan sorğuya görə, Rusiya Federasiyasının Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqlarının kütləvi tələf olma hallarının qeydə alındığı bildirilir.

Bu sorğuya istinad edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə göstəriş vermişdir. Eləcə də baytarlıq idarələrinə tapşırılmışdır ki, ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirən zaman ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə, onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilsin.

Göstərişə uyğun olaraq, Xəzər dənizi sahili rayonların baytarlıq idarələri (Xaçmaz, Şabran və Siyəzən rayon baytarlıq idarələri) qısa zaman kəsiyində nəzarəti tədbirlər həyata keçirmişlər. Eləcə də Xəzər sularında balıqçılıqla məşğul olanlarla və digər müvafiq qurumlarla əlaqə saxlanılmışdır. Onu da qeyd etməliyik ki, Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqlarının kütləvi tələfatı ilə əlaqədar Azərbaycan Respublikasına heç bir rəsmi məlumat daxil olmayıb.

Avqustun 5-də aparılan aktiv nəzarəti tədbirlərin nəticəsi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində hər hansı balığın tələfatına təsadüf olunmamış və bu ərazilər daim nəzarətdədir.