Azərbaycandan İrana getmək xeyli ucuzlaşacaq

7 Avqust 2015 10:45 (UTC+04:00)

Azərbaycan və İran arasında ticarət dövriyyəsinin qarşıdakı günlər ərzində əhəmiyyətli dərəcədə artması, digər sahələr üzrə də əməkdaşlığını genişləndirilməsi gözlənilir. İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran səfəri bu xüsusda yeni bir mərhələ açır. Belə məlum olur ki, tərəflər neft-qaz sənayeindən tutmuş digər sahələrə qədər əməkdaşlığını intensivləşdirilməsinə xüsusi maraq göstərirlər.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də bildirib ki, Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri və müzakirə olunan məsələlər iki qonşu ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük təsir göstərəcək. Səfir qeyd edib ki, İranın Qafqaz regionu ilə əlaqələrinin daha da inkişafında Azərbaycan mühüm rol oynaya bilər. O, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin Azərbaycanın dəmir yolları şəbəkəsinə birləşdirilməsinin hər iki ölkənin iqtisadi inkişafı baxımından önəmli ola biləcəyini vurğulayıb. Dəmir yollarının qovuşmasının nəticəsi olaraq İran Avropaya, Azərbaycan isə Fars körfəzinə çıxış əldə edə bilər. Diplomat əlavə edib ki, İran şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından neft hasilatında iştirakı yeni neft-qaz layihələrinin birgə həyata keçirilməsi və bu sahəyə birgə investisiya qoyuluşu üçün münbit şərait yaradır: "Azərbaycan heç bir vaxt İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb və ölkənin dinc məqsədlər üçün nüvə enerjisinə sahib olmaq hüququnu tanıyıb. Bütün bunlar gələcəkdə tərəfdaş seçərkən biizm üçün əsas meyar olacaq".

Səfir qeyd edib ki, Tehran Azərbaycanla Xəzər dənizi ilə sərnişin daşımalarının aktivləşməsi üçün sanksiyaların aradan qaldırılmasını gözləyir: "Biz sanksiyaların aradan qaldırılmasını gözləyrik. Bundan sonra bir neçə sərnişin gəmisi alaraq onları Bakı-Ənzəli marşrutu üzrə istifadəyə vermək niyyətindəyik". Gəmi ilə sərnişin daşımalar isə daha ucuz başa gəlir. Pakayin "İnterfaks-Azərbaycan" agentliyinə bildirib ki, Bakı Tehranla gəmiqayırma və balıqçılıq sahəsində birgə əməkdaşlıq məsələlərinə dair danışıqların təşəbbüskarı kimi çıxış edib və bu məsələlər ikitərəfli münasibətlərin gündəmindədir. Bundan başqa, M.Pakayin İranın turizm sektoruna Azərbaycan investisiyaları üçün böyük imkanların olduğunu qeyd edib. "Xüsusilə Azərbaycan şirkətləri İran ərazisində otellərin tikintisi ilə məşğul ola bilərlər". Onun sözlərinə görə, ölkələr maşınqayırma, neft-kimya, dərman preparatlarının istehsalı kimi sahələrdə də əməkdaşlıq qura bilərlər: "Tehranda bu istiqamətlər üzrə artıq danışıqlar aparılıb, müzakirələrə davam etdiriləcək".

Pakayin əmindir ki, həm Azərbaycan, həm də İranda tikinti materialları - sement, gips, keramikanın istehsal həcminin artırılması sahəsinə birgə sərmayə qoyuluşları mümkündür. Bundan başqa, diplomat əlavə edib ki, İran, xüsusilə dəmir, filiz, polad, mis və s. kimi böyük həcmdə filiz-mədən ehtiyatlarına malikdir: "Tərəflər bütün bu amilləri nəzərə alaraq birgə layihələr həyata keçirə bilərlər". Səfir bildirib ki, ənənəvi neft-qaz energetikasından asılılğı azaltmaq məqsədilə Bakı və Tehran alternativ energetika sahəsində əməkdaşlığı nəzərdən keçirirlər. Artıq bəllidir ki, "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən İranın Xaf şəhəri ətrafında yaradılacaq "Külək parkı" layihəsi həyata keçiriləcək. Qeyd edək ki, avqustun 3-4-də Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin İrana səfəri çərçivəsində ABOEMDA-nın sədri Akim Bədəlov İranın energetika naziri Həmid Çitçiyan, onun müavini Huşəng Fəlahətian və Bərpa Olunan Enerji Təşkilatının (SUNA) rəhbərliyi ilə görüş keçirib. Görüşdə tərəflər arasında alternativ və bərpa olunan enerji mənbələri sahəsində əlaqələrin möhkəmləndirilməsi və gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsi müzakirə edilib. Sonda Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran İslam Respublikası Energetika Nazirliyi arasında 2014-cü il noyabrın 12-də Bakıda imzalanmış Anlaşma Memorandumu çərçivəsində İranın Xaf şəhəri ətrafında yaradılacaq "Külək parkı" layihəsinin "Azalternativenerji" MMC tərəfindən həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.