Azərbaycanda cinayət törədən gənclərin sayı azalıb

7 Avqust 2015 20:30 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən Movqe.az-a verilən xəbər görə, Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2014-cü ildə 15 560 nəfər cinayət törətmiş şəxs aşkar olunub. Onların da 6441 nəfəri və ya 41,4 faizi 14-29 yaşlı gənclərdir. Cinayətlərin 84 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 29 faizi şəxsiyyət əleyhinə, 35 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 31 faizi iqtisadi sahədə, 6 faizi isə digər sahələrdə törədilib.


Komitədən bildirilib ki, son illər gənc nəsli milli adət-ənənələrimizə, mənəviyyatımıza, əxlaqımıza zidd olan əməllərdən çəkindirmək, bütün bəşəriyyəti narahat edən zərərli vərdişlərdən qorumaq, cinayətkarlıq hallarının qarşısını almaq məqsədilə görülmüş tədbirlər, asudə vaxtlarını səmərəli keçirmək üçün istifadəyə verilmiş olimpiya idman kompleksləri, yeni açılmış iş yerləri öz töhfəsini verib. Bunun nəticəsində 2012-ci ilə nisbətən 2014-cü ildə cinayət törətmiş gənclərin ümumi sayında 7,7 faiz azalma olub. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhd 11,5 faiz, xuliqanlıq cinayətləri üzrə 5,3 faiz faiz azalıb.


Xatırladaq ki, ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,1 faizini gənclər təşkil edir. Gənclərin 52 faizi şəhər yerlərində, 48 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 49 faizini qadınlar təşkil edir.