Çimərliklərə atılan dəmir konstruksiya və metallar insan həyatı üçün təhlükə yaradır. Movqe.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev deyib.
Cimərliklərdə istirahət edən zaman vətəndaşları daha diqqətli olmağa çağıran M.Piriyevin sözlərinə görə, dənizə atılan müxtəlif əşyalar sonradan təhlükə mənbəyinə çevrilir: "Cimərliklərdə istirahət edən zaman təmiz yerlərə üstünlük verilsə, daha yaxşı olar. Çünki elə ərazilər var ki, çimərliyin ətrafında mövsümlə əlaqədar işləyən kafe və restoranlar tərəfindən əraziyə dəmir və metal konstruksiyalar atılır. Onlar isə suda yoxa çıxmır. Ərazidə qalan dəmir və ya metallar sonra insanlar üçün təhlükə yaradır".
Çimərliklərdə kafe və restoran işlədənləri bu barədə daim xəbərdar etdiklərini deyən FHN rəsmisi qeyd edib ki, bununla bağlı ərazilərdə müxtəlif maarifləndirici plakatlar qoyulub.
Sektor müdiri təhlükəsizlikləri ilə bağlı insanlara çağırış etdi: "İnsanlar çimərliklərdə təhlükəsizliklərinə fikir versinlər. Eyni zamanda, rahat istirahət etmək istəyirlərsə, su hövzələrini təmiz saxlasınlar. Lazımsız əşyaları suya atmasınlar, sahil zolağında qoyub getməsinlər. Bütün bunlara əməl edilərsə, çimərliklər təmiz olar, insan həyatı üçün təhlükə də yaranmaz".