Paytaxtda saxta məktəbli formalarını istehsal edən gizli sexlərlə bağlı araşdırmalara başlanıb. Bu barədə Movqe.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı məlumat verib. F. Talıblı deyib ki, artıq bununla bağlı Komitəyə siqnallar daxil olub. F. Talıblının sözlərinə görə, araşdırmalardan sonra "Bakı Tikiş Evi " nin (BTE) adı altında saxta məktəbli forması istehsal edən gizli sexlərin sahiblərinə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov da müəssisənin məhsullarının adı altında saxta məktəbli formalarının istehsal olunduğunu söyləyib: "Bizdə olan məlumtalara görə, artıq Binə və Sədərək ticarət mərkəzlərində bizim məktəbli formalarının saxta variantları satılır".
E. Əzimov həmin məktəbli formalarının keyfiyyətinin aşağı olduğunu, heç bir sertifikatı olmayan parçalardan istehsal olunduğunu deyib: "Biz bununla bağlı aidiyyatı qurumlara məktubla müraciət etmişik. İnanırıq ki, həmin məktəbli formalarını istehsal edən gizli sexlər aşkarlanaraq tədbir görüləcək".