Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başladı-Bu gündən
14 Avqust 2015 10:29 (UTC+04:00)
Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik)
orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ixtisas
seçimi elan edib. Movqe.az-ın Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sayına istinadən verdiyi məlumata görə, ixtisas
seçimi bu gündən, avqustun 14-dən 19-dək davam edəcək. İxtisas
seçim bu ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə,
orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən
abituriyentlər üçün isə iyulun 2-də keçirilmiş eyni məzmunlu test
imtahanının nəticələrinə əsasən aparılır.
Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər
biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil fənninə nisbi
bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə
bilərlər.
Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent"
jurnalının 5-ci sayında dərc olunub.
Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan
abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim
ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil
müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili
müəssisələrinin də ixtisaslarını göstərə bilərlər. Ali təhsil
müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı
"Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaqdır.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin
və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu
seçib, onları http://eservices.tqdk.gov.az/erizebak/ixtisas2
internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi
ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə
kartını alır və onun şifrindən istifadə edir. Virtual ödəmə kartını
internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS
göndərməklə əldə etmək olar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirir ki, elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər
müsabiqəyə buraxılmayacaqlar.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı
tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından "məqbul"
alan və test imtahanında topladıqları ümumi balı 16-dan, ana dili
və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan
abituriyentlər seçə bilərlər.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı
digər ixtisasları da seçmək imkanı verilir.
Ali təhsil müəssisələrinin "Təsviri sənət", "Dekorativ-tətbiqi sənət və
dizayn", "Heykəltəraşlıq" komissiyalarında qabiliyyət
imtahanından topladıqları yekun balları 3 və daha yüksək olan,
"Təsviri incəsənət müəllimliyi", "Bədən tərbiyəsi və idman",
"Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı"
komissiyalarında isə "məqbul" alan abituriyentlər orta ixtisas
təhsili müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak
edə bilərlər.