Ölkə üzrə məktəbəqədər təhsil icbari olacaq-Özəl
14 Avqust 2015 10:50 (UTC+04:00)
Azərbaycanda yaxın gələcəkdə
məktəbəqədər hazırlıq icbari olacaq. Bu barədə Movqe.az-a açıqlamasında Təhsil Problemləri
İnstitutunun Məktəbəqədər Təhsilin Kurikulumu şöbəsinin rəhbəri
Laləzar Cəfərova məlumat verib. L. Cəfərova bildirib ki, ölkədə
uşaq bağçalarının sayı məktəbyaşlı uşaqların sayı ilə
tərs-mütənasib olduğundan yaxın gələcəkdə bütün məktəblərdə
məktəbəqədər hazırlıq aparılacaq: " Hələki 89 məktəbdə eksperiment
aparılıb. Yaxın gələcəkdə respublika üzrə məktəbəqədər hazırlığın
icbari olması ilə bağlı iş aparılır. Uşaq bağçalarının sayı az
olduğundan məktəbyaşlı uşaqların hamısı bağçalarda məktəbəqədər
hazırlıq keçə bilmirlər. Ölkə başçısı tərəfindən təsdiqlənən
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda
nəzərdə tutulub ki, gələn ildən etibarən 2018-ci ilədək
birillik icbari məktəbəhazırlıq təhsilinin təmin olunması üzrə icra
mexanizminin hazırlansın. Artıq 89 məktəbdə məktəbyaşlı uşaqların
məktəbəqədər hazırlığı aparılıb. Yaxın gələcəkdə bu, respublika
üzrə bütün ümumtəhsil müəssisələrini əhatə edəcək".
Qeyd edək ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda 2015-2016-ci illərdə erkən yaşlı uşaqların
məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını
nəzərdə tutan məktəbəqədər təhsilin inkişafı üzrə dövlət
proqramının hazırlanması öz əksini tapıb. Məktəbəqədər təhsil
müəssisələrinin yaradılması, onların fəaliyyətinin
stimullaşdırılması üzrə dövlət proqramı təsdiq ediləcək.Uşaqların
erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan
standartlar və kurikulumlar hazırlanacaq. L. Cəfərova bildirib ki,
artıq məktəbəqədər təhsil üzrə milli məzmun standartları
hazırlanaraq pilot şəkildə tətbiqinə başlanılıb.