Son 10 ildə informasiya və kommunikasiya sahəsində orta illik artım tempi 20-25% təşkil edib

14 Avqust 2015 13:50 (UTC+04:00)

Son 10 ildə informasiya və kommunikasiya sahəsində orta illik artım tempi 20-25% təşkil edib və sektor 6,7 dəfə genişlənib.Movqe.az-ın məlumatına görə, bu barədə məlumat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-2014" adlı illik hesabatda yer alıb.

Məlumata əsasən, sektora 3 mlrd. ABŞ dollarından artıq investisiya yatırılıb. Özəl sektorun payı 67,4%-dən 80%-ə yüksəlib.

Hesabatda qeyd edilib ki, sektorda orta aylıq əməkhaqqı 6 dəfə artıb. Bütün yaşayış məntəqələri telefonlaşdırılıb və telefon şəbəkəsi rəqəmləşdirilib.

Üçüncü mobil operator fəaliyyətə başlayıb, şəbəkədə "3G" və "4G" texnologiyasının, mobil nömrə daşınmasının tətbiqinə başlanılıb. Mobil abunəçilərin sayı 7 dəfə, internet istifadəçilərinin sayı 14 dəfə, sabit şəbəkə abunəçilərinin sayı 1,6 dəfə artıb. Ölkə əhalisi 99% rəqəmli yayımla əhatə edilib. Poçt müəssisələrində bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb. Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb. "E-hökumət" portalı və e-imza infrastrukturu yaradılıb. Nanotexnologiyaların tədqiqinə başlanılıb.

İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədilə "Yüksək Texnologiyalar Parkı" və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb.

Ümumiyyətlə, ötən illər ərzində həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilib, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, peyk infrastrukturunun yaradılması, "Elektron hökumət"in formalaşdırılması, informasiya təhlükəsizliyi, informasiya cəmiyyəti quruculuğu, kadr hazırlığı və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb.

Respublikada ən yeni texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi informasiya cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsi və təkanverici elementləri olub.