Səfirlik: “Bu il Ukraynaya gələn 35 min Azərbaycan vətəndaşından 1006 nəfəri ölkəyə buraxılmayıb”

14 Avqust 2015 17:50 (UTC+04:00)

Son vaxtlar Ukraynaya səfər edən Azərbaycan vətəndaşları ölkəyə daxil olarkən müəyyən problemlərlə üzləşirlər.

Ukraynada yaşayan Azərbaycan vətəndaşları istər hava yolu, istərsə də dəmir yolu vasitəsi ilə ölkəyə daxil olarkən sərhəd və gömrük xidməti əməkdaşları tərəfindən sorğu-suala cəlb olunduqlarını, iki ölkə arasında viza sistemi olmadığı halda ölkəyə gəlişlə bağlı xüsusi dəvət tələb olunması halları ilə üzləşdiklərini bildiriblər.

Nikolayev vilayətində Ukrayna Azsaylı Xalqlar Şurasının azərbaycanlı sədr müavini Xəyyam Dünyamalızadə APA-ya belə hallarla bağlı şikayətlərin olduğunu təsdiqləyib: "Əvvəlcədən heç bir xəbərdarlıq etmədən sərhəd xidməti saxlayır, ölkəyə daxil olmaları ilə bağlı dəvət tələb edirlər. Bəzi hallarda isə məsələni rüşvətlə "həll edirlər". Biz bununla bağlı aidiyyəti yerlərə müraciət etsək də, cavab yoxdur".

Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini Mehman Məmmədov isə bildirir ki, ötən ayın ortası yaxın qohumu ilə birgə ölkənin Xarkov vilayəti hissəsindən Ukraynaya daxil olarkən sərhəd xidməti onların girişinə əngəl olub: "Əvvəlcə bizdən dəvət tələb etdilər. Onalara iki ölkə arasında viza sistemi olmadığını xatırlatdıq. Onlar buna qulaq asmayıb bizi şəxsi yoxlamaya apardılar və bizi geri qaytaracaqlarını dedilər. Hər birimiz üçün 200 qrivna (təxminən 12 manat) ödəyəndən sonra ölkəyə buraxıldıq".

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Mübariz Cəfərov isə APA-ya məsələnin təfərrüatını açıqlayıb: "Bizə də bununla bağlı çoxsaylı müraciət daxil olduğuna görə ötən ay rəsmi olaraq Ukrayna Xarici İşlər Nazirliyinin konsulluq idarəsində və "Borispol" aeroportunun sərhəd xidməti rəhbərliyi ilə görüş keçirərək, bütün bunlara aydınlıq gətirilməsini tələb etdik. Onlar bizə bildirdilər ki, ölkədə vəziyyət gərginləşəndən sonra qanunda belə bir dəyişiklik edilib ki, xarici ölkə vətəndaşlarının ölkəyə gəlmə səbəbi, harada qalacaqları və üzərlərində gündəlik xərc üçün minimum 50 dollar vəsaitin olması ilə bağlı tələb irəli sürülür. Dedilər bu tək Azərbaycandan yox, bütün ölkələrdən gələnlərə şamil edilir. Əgər bu tələblər yerinə yetirilmirsə, həmin şəxs ölkəyə buraxılmır və qeyri-qanuni miqrant hesab olunaraq şübhəli şəxs qismində geri qaytarılır. Onlar bizə bu ilin əvvəlindən indiyə qədər Ukraynaya gələn Azərbaycan vətəndaşları ilə bağlı məlumat verərək bildirdilər ki, indiyə qədər ölkəyə 35 min azərbaycanlı gəlib ki, bunun 1006 nəfəri sadalanan tələbləri ödəmədiyi üçün ölkəyə buraxılmayaraq geri qaytarılıb".

I katib səfirlik adından Ukraynaya gələn Azərbaycan vətəndaşlarına bu dəyişiklikdən sui-istifadə halları ilə üzləşdirkdə səfirliyə müraciət etmələrini xahiş edib.