Xidmətdən Movqe.az-a verilən məlumata görə, yeni mənzil sahiblərini təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev hərbi qulluqçuların sosial-məişət problemlərinin, xüsusən də mənzil təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daimi diqqət mərkəzində olmasını, 2005-ci ildə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında", 2007-ci ildə isə müəyyən əhali kateqoriyalarına, o cümlədən də hərbi qulluqçulara ipoteka kreditlərinin güzəştli şərtlərlə verilməsini nəzərdə tutan "Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında" fərmanların uğurla icrasının bütün Azərbaycan vətəndaşları kimi hərbi qulluqçular üçün də real imkanlar yaratmasını qeyd edib. Bu yaşayış şəhərciyinin prezident İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitlərinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası üzrə qısa müddət ərzində inşa olunması xüsusi vurğulanıb.
Yaşayış şəhərciyində 13 və 15 mərtəbəli binalarda bir, iki və üç otaqdan ibarət 612 mənzil inşa olunub. Hərbi qulluqçulara güzəştli ipoteka şərtlərilə verilən mənzillər tam təmir olunmuş, elektrik enerjisi, su, qaz və fərdi istilik sistemləri ilə təmin edilib. Şəhərcikdəki 4 binanın hər birinin zirzəmisində avtomobil dayanacaqları yaradılıb, birinci mərtəbələr iaşə, ticarət, məişət obyektləri üçün nəzərdə tutulub. Yaşayış kompleksi yanğınsöndürmə, işıqlandırma, suvarma sistemləri ilə təchiz olunub. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmiş, istirahət guşələri yaradılıb.
Mərasim çərçivəsində hərbi qulluqçulara mənzillərin mülkiyyət sənədləri və açarları təqdim olunub. Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev sakinlərlə birlikdə yeni mənzillərə baxış keçirib.