Göygöl ərazisinə əhalinin girişi müvəqqəti dayandırılıb. Movqe.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb gölü və ətrafının təmizlənməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Göl ərazisinə buraxılış gün ərzində bərpa ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Vaqif Cavadov bildirib ki, nazirlik tərəfindən göl ərazisində həftədə bir gün sanitar gün elan edilib:
"Milli Parkın əməkdaşları gün ərzində ərazini təmizləyəcəklər və bundan sonra turistlərin buraya buraxılmasına icazə veriləcək. Dünən əməkdaşlarımız ərazidə daha 30 zibil qutusu yerləşdiriblər. Həmçinin 10 min zibil torbası paylanılıb. Lakin bununla belə bəzi turistlər insanlığa sığmayan hərəkətlər edirlər. Hətta elə olur ki, zibil qutusundakı zibil torbasını çıxarırlar və zibili yerə töküb torbanı özləri ilə aparırlar. Ərazidə xüsusi ilə uşaq bezlərinin çox olması xanımlarımızın təbiətə qarşı necə məsuliyyətsiz və laqeyd yanaşdığını göstərir".
V.Cavadov əlavə edib ki, Göygölün yaxınlığında yerləşən Maralgölün ətrafına da xeyli zibil qutuları yerləşdirilib:
"Biz lazım olan bütün tədbirlər görürük. Hətta polisə də müraciət etmişik ki, müəyyən şəxslər barəsində tədbirlər görsünlər. Bundan başqa ərazidə xeyli müşahidə kameraları quraşdırılacaq. Çünki əraziyə girişdən gölədək olan məsafə 5 kilometrdən çoxdur və burada daimi nəzarətedici sistem olmalıdır. Bundan başqa "qara siyahı"nın da tərtib edilməsi nəzərdə tutulub. Biz bu siyahıya düşən, yəni gölü zibillədiyi üçün cərimələnən şəxslərin hamısının adını nazirliyin saytında yerləşdirəcəyik".
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, ərazidə xeyli xəbərdarlıqedici, qadağanedici və istiqamətləndirici lövhələr var. Bununla belə bəzi insanlar yemək qalıqlarını, boş qabları və digər tullantıları yerə atırlar.
Qeyd edək ki, 2 gündür ki, sosial mediada Göygölün və ətrafının bura istirahətə gələn insanlar tərəfindən çirkləndirilməsi ilə bağlı xəbərlər və görüntülər yayılıb.