Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə sənəd qəbulu aparan digər təşkilatlarla bağlı xəbərdarlıq edib

19 Avqust 2015 13:57 (UTC+04:00)

QMİ-dən Movqe.az-a verilən məlumata görə, xəbərdarlıq ziyarətə getmək istəyən zəvvarlardan İdarədən başqa sənəd qəbulu aparanlarla bağlıdır. Xəbərdarlıqda bildirilir ki, Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyi ilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmazlıqlara görə QMİ məsuliyyət daşımır.

Qeyd edək ki, bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbulu Azərbaycanda martın 11-də başlayıb, ziyarətə səfər sentyabrın 11-də başlayacaq. Əvvəlki illərdən fərqli olaraq, sənəd qəbulunun vaxtı bu ayın sonuna kimi uzadılıb. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə xərci 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.