Bu gün azərbaycanlı iqtisadçı alim, professor, sabiq maliyyə naziri Fikrət Hüseyn oğlu Yusifovun 58 yaşı tamam olur. Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də Naxçıvan MR-nın Şərur rayonunun Danzik kəndində ziyalı ailəsində anadan olub. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi bitirmiş və həmin ildə də Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1978-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib, təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilib. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuş, sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirmişdir. Nazirliyin büdcə idarəsində baş iqtisadçı, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. Nazirlikdə işlədiyi müddətdə təhsilini qiyabi aspirantura şöbəsində davam etdirərək 1987-ci ildə Moskva şəhərində "Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. Dissertasiya müdafiəsindən sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib. 1992-ci ilin oktyabr ayına kimi institutun "Maliyyə-iqtisad" fakültəsinin dekan müavini vəzifəsində işləyib. 1992-ci ilin oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş, 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində çalışıb. 2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə edib. 2004-2013-cü illərdə Rusiyanın Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin maliyyə kafedrasının professoru olub . Fikrət Yusifov 2014-cü ildə Azərbaycanda "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis etmiş və onun sədri seçilib. Artıq "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin Rusiyada da nümayəndəliyi fəaliyyət göstərir. Fikrət Yusifov altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir. Ailəlidir, dörd övladı var.