Noyabrın 1-də Türkiyədə növbədənkənar parlament seçkiləri keçiriləcək

20 Avqust 2015 13:55 (UTC+04:00)

Türkiyədə növbədənkənar parlament seçkiləri noyabrın 1-dəkeçiriləcək.Movqe.az xəbər verir ki, bu haqda Türkiyənin "Hürriyyət" qəzeti ölkənin Mərkəzi Seçki Komissiyasındakı (MSK) mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, "Seçki haqqında" qanuna əsasən, parlament hökumət qura bilməzsə, bu müddət başa çatandan 90 gün sonra növbədənkənar seçki keçirilməlidir. Bununla belə, həmin müddətin MSK tərəfindən azaldılması da nəzərdə tutulub. Məlumata görə, həmin müddət 30 gün azaldılıb.

Xəbərdə bildirilib ki, MSK-nın bu qərarı qətidir, etiraz etmək mümkün deyil, eləcə də Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Xalqların Demokratik Partiyasının da bu tarixlə bağlı rəyləri nəzərə alınıb.

Məlumata əsasən, növbədənkənar seçkilərin noyabrın 1-də keçirilməsi üçün təqvim artıq hazırdır və bu siyasi kampaniya ilə bağlı bütün fəaliyyət həmin tarix üzrə həyata keçirilir.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi seçkinin hansı tarixdə keçirilməsi haqda qərar verməlidir. 

Qeyd edək ki, AKP 2002-ci ildən başlayaraq keçirilən bütün parlament seçkilərində qalib gəlib və təkbaşına hökumət qurub. İyunun 7-də Türkiyədə parlamentə 25-ci çağırış seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır.

İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini AKP sədri və baş nazir vəzifəsini icra edən Əhməd Davudoğluna tapşırmışdı. Ancaq onun CHP və MHP liderləri ilə görüşləri nəticəsiz başa çatıb. Ötən gün Ə.Davudoğlu koalisiya hökumətinin qurulması ilə bağlı mandatı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verib.

Türkiyə Konstitusiyasına əsasən, 45 gün ərzində hökumətin qurulmasına nail olunmazsa, o zaman növbədənkənar seçkilər keçirilir. Bu baxımdan avqustun 23-də həmin müddət başa çatır.