Keçmiş arvadını oteldə başqasıyla tutub öldürən şəxsin məhkəməsi başladı

20 Avqust 2015 13:45 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Romi" motelində keçmiş arvadını qətlə yetirən 1980-ci il təvəllüdlü Zöhrab İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Movqe.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumat dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 27-nə təyin edilib. Qeyd edək ki, Masazır qəsəbəsində yerləşən "Rome" motelində Zöhrab İsmayılov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı bıçaqlayaraq öldürüb.  Məlum olub ki, o, hadisə günü keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Biləcəri qəsəbəsində yerləşən parkda "VAZ 2107" markalı avtomobilə əyləşən zaman görüb. Keçmiş arvadını və maşının sürücüsünü izləyən zaman isə Zöhrab İsmayılov onların motelə daxil olduğunun şahidi olub. Zöhrab İsmayılov əvvəlcə motelin həyətində keçmiş həyat yoldaşının gəldiyi "VAZ 2107" markalı maşının təkərlərini bıçaqla deşərək boşaldıb. Sonra otağa daxil olan Zöhrab İsmayılov Vəfa Abdullayeva ilə mübahisə edərək "Burada nə gəzirsən?" deyə soruşub. Keçmiş arvadı isə onu təhqir edib. Bu zaman Zöhrab İsmayılov üzərində gəzdirdiyi bıçaqla Vəfa Abdullayevanı qətlə yetirib.

 

Qeyd edək ki, Zöhrab İsmayılov qətlə yetirdiyi keçmiş həyat yoldaşı Vəfa Abdullayeva ilə 2014-cü ildə rəsmi şəkildə ayrılıblar. Amma ayrılmaqlarına baxmayaraq, onlar bir evdə yaşayırmışlar.