Azərbaycan malyariyadan azad ölkələr siyahısına düşə bilər. Bu barədə məlumatı Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) parazitologiya şöbəsinin rəhbəri Süleyman Məmmədov verib. S. Məmmədov bildirib ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) şərtlərinə görə, üç il ardı-ardına yerli malyariyaya yoluxma halı qeydə alınmayan ölkə malyariyadan azad ölkə statusu alır. Azərbaycanda son illər yerli malyariyaya yoluxma faktı qeydə alınmayıb. Bu onu göstərir ki, ölkədə malyariya xəstəliyi ilə bağlı vəziyyət təhlükəli deyil. Azərbaycan bu təhlükəli xəstəliyin qarşısını tam olaraq alıb. Əgər oktyabr ayına qədər malyariyaya ölkəmizdə yerli yoluxma halı qeydə alınmasa biz ÜST-ə müraciət edəcəyik ki, Azərbaycana malyariyadan azad ölkə statusu verilsin".
S. Məmmədov bildirib ki, Azərbaycanda malyariya xəstəliyinin kütləvi yayılması sonuncu dəfə 1996-1997-ci illərdə baş verib. Həmin dövrdə 13135 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb: "İndi demək olar ki, ölkədə malyariya ilə bağlı təhlükə yoxdur. May ayından başlayaraq endemik ərazilərdə profilaktik tədbirlər həyata keçirilir. Xəstəliyin əsas yayıcısı olan "anofeles" ağçaqanadların kökünü kəsmək üçün nəmişlik olan rayonlardakı bataqlıqlar dizenfeksiya olunur. Malyariya ocaqlarında potensial infeksiya mənbələrini zərərsizləşdirmək məqsədi ilə kimyəvi profilaktika işləri də aparılır".