Türkiyə ilə BBC arasında qalmaqal

21 Avqust 2015 16:45 (UTC+04:00)

Türkiyə hökuməti ilə Britaniyanın nüfuzlu media yayım orqanı olan BBC arasında qalmaqal yaranıb. BBC-nin PKK ilə bağlı dünən yaydığı xəbər rəsmi Ankaranın narazılığına səbəb olub və ölkənin Xarici İşlər Nazirliyi etiraz bəyanatı verib.

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, narazılığa BBC-nin "PKK savaşçıları İŞİD-lə müharibəyə hazırlaşır" başlıqlı yazı səbəb olub.

Yazının etiraz yaradan hissəsində aşağıdakı fikirlər yer alıb: "İllərdir türk hökumətinə qarşı savaşan PKK Türkiyə və bir çox Qərb dövləti tərəfindən terror təşkilatı kimi tanınır. Lakin PKK hazırda cihadçı İŞİD-lə savaşda açar rola sahib bir oyunçudur".

Türkiyə tərəfini yazı ilə bağlı narazı salan məqamlardan biri də BBC müxbirinin PKK düşərgəsindən çəkdiyi şəkillər və bu şəkillərin altındakı yazılardır.

Türkiyə Xarici İşlər Nazirliyi bəyan edir ki, BBC bu yazı ilə PKK terror təşkilatının yazılı və vizual təbliğağatını aparıb: "Avropa Birliyi başda olmaqda bir çox ölkənin terrorçu adlandırdığı bir təşkilat haqqında bu formada təbliğat aparmaq terrora açıq dəstəkdir. Britaniyanın da terrorçu kimi qəbul etdiyi PKK-nı başqa bir terror qruplaşması ilə mübarizə aparan məsum bir təşkilat kimi təqdim etməyə çalışan və PKK sıralarına qoşulmağı təşviq edən bu material heç bir halda qəbul edilə bilməz. BBC bununla BMT və Avropa Şurasının qərarlarını da pozub. Terroru təşviq etmək və tərifləmək cinayətdir. PKK təkcə son bir ay ərzində 64 insanı öldürüb, 350 insanı yaralayıb, 16 nəfəri də qaçırıb. Həmçinin dəmiryollarına və nəqliyyat vasitələrinə hücumlar təşkil edib. Terror təşkilatları terrorla bağlı nümayiş etdirilən bu məsuliyyətsiz və ikiüzlü yanaşmalardan qidalanırlar. BBC-dəki məlum material bunun konkret sübutudur".

BBС-nin bu xəbərinə Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç da etiraz edib. Səfir "Twitter" hesabından bu fikirləri paylaşyıb: "PKK təkcə son bir ayda 64 cana qıyıb, 350 nəfəri yaralayıb. Amma BBС bunu görməz, görmək istəməz"