Əli Əhmədov: "YAP üzvləri parlament seçkilərində prinsipial mövqe nümayiş etdirməlidirlər"

24 Avqust 2015 11:25 (UTC+04:00)

"Yeni Azərbaycan Partiyasının üzvləri parlament seçkilərində bütün imkanlardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməlidirlər. Xüsusilə təbliğat-təşviqat kampaniyasında verilən seçici tapşırıqlarına ciddi nəzarət etməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə öz töhfələrini verməlidirlər". Movqe.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı respublikamızın qərb bölgəsi üzrə şəhər və rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar Gəncədə keçirilən zona müşavirəsində çıxışı zamanı nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.


Baş nazirin müavini deyib ki, əvvəlki seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də ciddi hazırlaşır. İlk növbədə seçkilərdə mütəşəkkillik nümayiş etdirmək üçün rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılaraq, partiyanın fəalları hazırlıq prosesinə cəlb edilib.


Azərbaycanda keçirilən bütün seçkilərdə insanların rəğbətini qazanan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağına inamını ifadə edən Əli Əhmədov bildirib ki, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi uğurlu gələcəyə aparır: "Dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, beynəlxalq aləm inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir və öyrənilməsinin vacibliyini bildirir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar iqtisadiyyatımızın şaxələndirilməsini reallığa çevirib. Nəticədə son 10 ildə Azərbaycanda iqtisadiyyat dörd dəfə artıb. Əlbəttə, bu rəqəmin arxasında güclü siyasət dayanır. Əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir. Regionlarda həyata keçirilən infrastruktur layihələri insanların uzun illərdən bəri çəkdiyi əziyyətlərə son qoyub. Onların həyatının keyfiyyətcə dəyişməsi gələcəyə olan ümidlərini artırıb. Ən əsası isə Azərbaycanda ictimai-siyasi sabitlik daimi xarakter alıb".


Qeyd edək ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov müşavirədə iştirak ediblər.