Keşniş ən faydalı göyərtilərdən biri sayılır. Keşniş və onunun toxumları ta qədimdən tibbdə çox geniş istifadə olunurdu. Keşnişin köməyi ilə baş ağrıları, yuxusuzluğu müalicə edirdilər.
Movqe.az xəbər verir ki, belə hesab olunurdu ki, keşniş kişilərdə potensiyanı artırır. Orta əsrlərdə keşniş "sevgi içkilərin" tərkibində istifadə olunurdu (qadınlar belə içkiləri bəyəndiyi kişilərə içirdirdilər).
Keşniş orqanik turşular və efir yağları ilə zəngindir. Bu göyərtinin tərkibində C, P, beta-karotin kimi vitaminlər, selen, dəmir, sink, maqnezium kimi mikroelementlər, təbbi liflər, pektin, rutin və s faydalı maddələr var.
Keşnişin çox güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətləri var.
Sidikqovucu təsirinə malik olan keşniş ödemlərlə mübarizə aparır, böyrəkləri təmizləyir, orada olan duzları və qumu xaric edir. Bunun üçün belə xalq təbabəti resepti var: 5 dəstə keşniş və 5 limon götürülür. Keşniş təmizlənir, yuyulur, qurudulur və limonla birlikdə (limonun qabığı soyulmur) blenderdə xırdalanır. Daha sonra üzərinə 2 l təmiz qaynanmış ilıq su əlavə olunur, 2 gün ərzində qaranlıq saxlanılır, daha sonra süzülür və gün ərzində 3 dəfə 1 xörək qaşığı olmaqla içilir.
Böyrək daşı xəstəliyi olan insanlar bu reseptdən istifadə etməməlidir! Bu daşların tərpənməsinə və sidik kanalın düşməsinə gətirib çıxarda bilər.
Keşniş orqanizmə ödqovucu təsir edir, yağlı ağır qidaların mənimsənilməsini asanlaşdırır, həzm prosesləri və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır.
Keşniş qanda xolesterinin səviyyəsini aşağı salır, xolesterinin damarların divarlarında yığılmasına mane olur.
Keşniş şəkər xəstəliyi olan insanlar üçün xeyirlidir - qanda şəkərin səviyyəsini aşağı salır.
Keşniş ürək-damar sistemi üçün də çox faydalıdır, arterial təzyqinin normallaşmasına kömək edir.
Antioksidantlarla zəngin olan keşniş orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, şiş xəstəliklərinin inkişafına mane olur.
Keşniş damaqları möhkəmləndirir, ağız boşluğunda olan iltihabları azaldır, kariesin inkişafının qarşısını alır.