Pakistanın nüfuzlu qəzetində birinci xanım Mehriban Əliyeva haqqında məqalə dərc edilib

25 Avqust 2015 11:32 (UTC+04:00)

Milyonlarla oxucusu olan Pakistanın nüfuzlu "Daily Times" qəzetinin 25.08.2015-ci il tarixli buraxılışında, qəzetin İslamabad baş ofisinin rəhbəri taninmiş jurnalist Dure Nəcəf Zaidinin "Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində" adlı məqaləsi dərc edilmişdir.


Azərbaycanın Pakistandakı Səfirliyindən Movqe.az-a bildiriblər ki, "11.02.2015-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva Pakistanın "Hila-e-Pakistan" ali ordeni ilə təltif edilmişdir. Bu ilk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülmüşdir" sözləri ilə başlayan məqalədə Mehriban Əliyevanın tanınmış ziyalı ailəsində böyüdüyü, valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrəndiyi vurğulanmışdır.


Məqalədə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2004-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan fondun Prezidenti vəzifəsinə təyin olunduqdan öncə, 1995-ci ildən xeyriyyəçilik ilə məşğul olduğu, Azərbaycan mədəniyyətini dünyada təbliğ etdiyi vurğulanmışdır.


Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən D.N. Zaidi, Fond tərəfindən yüksək standartlara cavab verən Talassemiya mərkəzi, məktəblər, xəstəxanaların inşa olunduğunu, insulin və qan köçürmə proqramlarının həyata keçirildiyini vurğulamışdır. Fondun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir sıra ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edilmiş, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün proqramlar həyata keçirilmişdir.


Məqalədə, Mehriban Əliyevanın mədəniyyət inkişafına verdiyi töhfələrdən danışılaraq, inşa edilmiş Muğam mərkəzi, konsert zalları, musiqi litseyləri, Niaqarada muğam günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Strasburq kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi və Versal sarayında təmir-bərpa işlərinin aparılması qeyd edilmişdir.


Yazıda, Mehriban xanım Əliyevanın 2004-cü ildə Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə UNESCO-nun, 2006-ci ildə isə həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü bildirilmişdir.


Pakistanlı jurnalist D.N.Zaidi məqaləsində, bütün dinlərin nümayəndələrinin ölkəmizdə harmoniyada yaşadığını bildirərək vurğulamışdır ki, Azərbaycanın birinci xanımı dinlər arası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı olmuşdur. Birinci xanim Mehriban Əliyeva "Azərbaycan Tolerantlığın Evidir" proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərin yenidən qurulması və bərpasının təşəbbüskarı, həmçinin, icraçısı olmuşdur.


D.N. Zaidi öz məqaləsində, Fondun diqqət mərkəzində olan idman sahəsinə xüsusi yer ayırmışdır. Jurnalist vurğulamışdır ki, Azərbaycanın Gimnastika Federasiyasının prezidenti olan xanım Mehriban Əliyevanın nüfuzu sahəsində, 2003, 2004 və 2005-ci illərində gimnastika üzrə dünya cempionatları Bakıda keçirilmişdir. Yaızda, Mehriban Əliyevanın cari ilin iyun ayında Azərbaycanda keçirilmniş Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etdiyi bildirlmiş, bu tədbirin Azərbaycanın birinci xanımının idmanın inkişafına vermiş olduğu töhvələrin kulminasiyası olduğu qeyd olunmuşdur. Bildirilmişdir ki, Azərbaycana təşrif buyurmuş on minlərlə turistlər və idmançılar bu tədbirin ən yüksək səviyyədə təşkil olunmasından heyran olmuş, Azərbaycan millisinin Birinci Avropa oyunlarında ikinci yer tutması isə onlar üçün əsl sürpriz olmuşdur.


Yazıda, Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etdiyi, həmçinin mədəniyyət, təhsil və səhiyyənin inkişafı istiqamətində fəaliyyətinə görə Azərbaycanın Prezidenti cənab İlham Əliyevin cərəncamı ilə Mehriban Əliyevanın Heydər Əliyev ali ordenin ilə təltif olunduğu bildirilmişdir.


Pakistanlı jurnalist, Avropa Oyunlarının Mehriban Əliyevanın başçılığı ilə həyata keçirilən ilk meqa tədbir olmadığını bildirərək, Azərbaycanın birinci xanımının Avropanın ən mötəbər mahnı müsabiqəsi olan "Eurovision-2012"-nin Bakıda keçirilməsinə rəhbərlik etdiyini qeyd etmişdir. Vurğulamışdır ki, Azərbaycana gəlmiş on minlərlə xarici qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyi ilə tanış olmaqla yanaşı, yüksək səviyyədə təşkil olunmuş müsabiqədən çox razı qalmışlar.


Dure N. Zaidi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin 2005-ci ildə baş vermiş zəlzələdən sonrakı dövrə təsadüf etdiyini qeyd edərək, bildirmişdir ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilmiş və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan dövlət rəsmilərinin təşəbbüsü və qərarı ilə məktəbə Mehriban Əliyevanın adı verilmişdir.


Jurnalist, 2012-2015-ci illərdə də Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyilə Pakistanın bütün bölgələrində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini qeyd etmişdir. O bildirmişdir ki, Edhi Home kimsəsizlər evlərində, Peşavər Akbar Care serebral iflic institutunda, Lakki Marvat uşaq və qadın hospitalında hepatit B virusuna qarşı peyvəndləşdirmələr, müayinələr, açıq ürəkdə əməliyyatlar aparılmış, Saif Fonduna maddi yardımlar edilmişdir. Eyni zamanda, Həmzə xeyriyyə fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qan köçürmə paketi hədiyyə edilmiş, Xayber Paxtunkva Göz klinikasının yeni blokunun və gözləmə otaqlarının, həmçinin, İslamabad şəhəri Talasemiya mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar göstərmişdir.


Məqalədə, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2015-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyi, həmçinin Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylanıldığı bildirilmişdir. Vurğulanmışdır ki, 2014-cü ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində "Heydər Əliyev Su Təhcizatı", 2015-ci ildə isə Qucarxanda "20 Yanvar Şəhidlər su təhcizatı" layihələri həyata keçirilmişdir ki, bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan içməli su ilə təmin olunmuşdur.


Jurnalist, Mehriban Əliyevanın Pakistandakı fəaliyyətinin iki qardaş ölkələr arasında münasibətlərin daha da güclənməsinə xidmət etdiyini bildirmiş, Pakistan xalqı və dövləti bunu yüksək qiymətləndirərək Pakistan Prezidenti cənab Məmnun Hüseynin sərəncamı ilə Mehriban Əliyeva "Hilal-e-Pakistan" ordeni ilə təltif olunmuşdur. Bundan əlavə Azərbaycanın birinci xanımı həmçinin, 2012-ci ildə "2012-ci ilin qadını - Humanizm Simvolu", 2013-cü ildə isə "Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi" mükafatları ilə təltif edilmişdir.


Məqalənin sonunda qeyd olunmuşdur ki, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevan dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə Fransa, Serbiya, Rusiya, Kanada, Polşa, Küveyt, Dünya Səhiyyə Təşkilatının orden və medalları ilə təltif olunmuşdur.