Azərbaycan MN Ermənistanın daha bir iddiasını "yalan" adlandırdı

28 Avqust 2015 18:10 (UTC+04:00)

"Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır".

Bunu virtualaz.org-un sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Mətbuat xidmətindən deyiblər ki, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar, hər tərəfdə gözlərinə "diversantlar" görünür: "Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib".

Xatırladaq ki, bu gün erməni mətbuatı Azərbaycan tərəfinin 20-25 nəfərlik xüsusi təyinatlı ilə təxribat törətməyə cəhd etdiyi və itki verdiyi barədə məlumat yayıb.