“Qayıt, əzizim” İdris Hacızadənin yeni yaradıcılıq uğurudur

1 Sentyabr 2015 15:55 (UTC+04:00)

Həmyerlimiz, əslən Masallı rayonunun Mollaoba kəndində anadan olan bakılı jurnalist İdris Hacızadənin "Qayıt, əzizim" kitabı (Baki, 2015, 264 səhifədə. "MBM" nəşriyyatı) müəllifin 35-40 il ərzində poeılıziya sahəsində yaradıcılığının bir qismini özündə birləşdirir. Əsər qocaman yazıçının ömrünə calanmış bir qərinədən çox müddətdə qələmə aldığı mənsur şeirlərlə başlayır. Həmin mənsur şeirlərin nüvəsində pak və ülvi məhəbbət dayanır. Ana qədər doğma olan qoca təbiətə, Günəşə, Torpağa, bütöv Kainata, ailəyə, övlada məhəbbət!

Lirik ovqata köklənmiş şeirlər, müəllifin çoxsaylı qohumlarına, Yaxın dost və həmkarlarına, hörmət bəslədiyi ağxalatlı tibb işçilərinə həsr etdiyi şeir nümunələri də kitabda xüsusi bölmədə yer alıb. Şirin-şəkər fidan balaları unutmayan müəllif onların uşaq qəlbini poeziya dili ilə oxşamağa çalışıb. Kitab müəllifi əsərinə bir-birindən maraqlı dost haqqında bayatıları, Vətənə, elə, obaya, Qarabağa ithaf etdiyi müxtəlif şeir nümunələri, qəzəllər, eləcə də ayrı-ayrı illərdə qələmə aldığı maraqlı və təsirli hekayələri daxil etmişdir.

Qeyd edək ki, İdris Hacızadə respublika təhsil nazirliyinin təsisçiliyi ilə nəşr olunan "TƏHSİL XƏBƏRLƏRİ" məcmuəsinin məsul jurnalistidir.

Yeni kitabın rəyçisi professor, həmyerlimiz Musa Quluzadə, redaktoru Azərbaycanın Əməkdar jurnalisti Dağbəyi İsmayılov, rəssamı Rafiq Azəritürkdür.

İdris Hacızadənin yeni kitabındakı

bəzi yaradıcılıq nümunəsini Sizə təqdim edirik:


MƏNİM MƏNSUR ŞEİRLƏRİM

Əziz müəllimim, Azərbaycan mənsur şeirinin banisi, xalq yazıçısı Gülhüseyn Hüseynoğluna ithaf edirəm

Günəş, Torpaq, İnsan


Günəş qalxdı yatağından. Ətrafa boylandı. Tələsmədən. Aramla. Başından gəlinlik duvağını götürdü. Nazlana-nazlana. Səhərə salam verdi. Ədəblə. Ərkanla. Səhər də onun pişvazına çıxdı. Gəlişinə sevindi.

Günəş qalxdı yatağından. Ətrafa nur ələdi. Gümüşü tellərini hər yana səpələdi. Üfüq od kürəsindən don geyindi. Günəşin əksi dənizə düşdü. Günəş dənizlə görüşdü, dənizlə öpüşdü.

Günəş qalxdı yatağından. Ətrafa şəfəq saçdı. Səmaya boylandı Günəş. Şəfəqlərini sulara pay göndərdi. Sularda çimdi. Suları qızdırdı Günəş. Quşlar suya baş vurdu. Səs-səsə verdi. Suda çimdi. Suda təmizləndi. Suda islandı quşlar. Günəş telli suda. Günəş şəfəqli suda.

Günəş qalxdı yatağından. Ətrafa boylandı. Zenitə ucaltdı. Oradan yerə baxdı. Fəxrlə. Ərklə. Zərrin şualarını torpağa çilədi. Təmənnasız, səxavətlə. Hörmətlə. Torpaq nəfəs aldı. Cana gəldi. Hərarətləndi. Buğlandı torpaq. Bərəkətləndi torpaq.

Günəş qalxdı yatağından. Ətrafa işıq saçdı. Səmaya baş vurdu. Zenitə ucaldı. Hər yeri nura qərq etdi. İnsanlara pay göndərdi Günəş. Günəş hərarətini. Günəş qüdrətini. Günəş paklığını. Günəş rəngini. Qüvvət gəldi insanların qollarına. Hərarətləndi insanların ürəkləri. Torpaqdan daha da möhkəm yapışdı insanlar. İnsan səsli, insan nəfəsli torpaqdan. Günəş hərarətli insanlar, qunc biləkli insanlar. Günəş rəngli insanlar. Torpağa bağlı insanlar.

1979.


Qayıt, əzizim!


Qayıt, əzizim, geri qayıt. Qayıt evimizə, ailəmin sevinci, başımın tacı. Qayıt, evimin işığı, otağımın yaraşığı. Gec deyil hələ. Qayıt! Bilirəm, geri qayıtmaq çətindir sənə. Çünki toxunmuşam qəlbinə. Toxunmuşam. Dönə-dönə. Qırmışam ürəyini. Bağışla məni. Üzr istəyirəm. Etiraf edirəm; günahkaram qarşında: yüz dəfə, min dəfə günahkaram. Bilməmişəm qədrini, qiymətini, yerini. Qürurunu sındırmışam, yaman sındırmışam. Bilməmişəm. Eh, nə deyim, çox şeyi bilməmişəm. Hər şeyi pulla ölçmüşəm: ailə səadətini də, ailə səmimiyyətini də, sədaqəti də, təmiz, ülvi məhəbbəti də. Sən demə, əşya hərisliyi tutubmuş gözlərimi. Əşya xəstəliyi hakim kəsilibmiş mənliyimə. Məngənəyə salıbmış daxilimi. Zahiri parıltı gözlərimi qamaşdırıbmış: pak, büllur qəlbini görə bilməmişəm. Yox, yox. Səhv etmişəm. Necə də böyük səhv!

Otağa girə bilmirəm. Yerin görünür. Hər dəqiqə. Hər saat. Qəribəm sənsiz. Sənsizdir, səssizdir evim-ocağım. Hər şey səni soruşur, səndən danışır. Gəl, gəl yapış əlimdən. Qoyma yıxılam. Əllərinin hərarətini, qollarının gücünü, qüdrətini hiss edim saçlarımda, üz-gözümdə. Gəlişinə, gülüşünə, nəvazişinə möhtacam. Səsinə, nəfəsinə ehtiyacım var. Gəl oturaq üz-üzə, göz-gözə. Baxaq bir-birimizə. Bax, diqqətlə gözlərimə. Ürək aynamdır bu gözlər. Ürəyimi görə bilərsən bu gözlərdə. Pakdır, təmizdir o ürək: əvvəlki kimi. Orada sənin yerin var, sənin yuvan var. Ora sənsiz sənləşib. Gəl, qayıt doğma yurduna, isti yuvana, əzizim! Qayıt geri, qayıt əzizim!

1984.

İlk görüş


Görüşə tələsirəm. İlk görüşə, işdən yenicə qayıtmışam. Neftçiyəm. Mədəndə işləyirəm. Adətən, işdən yorğun qayıdıram. Bu gün isə özümü çox gümrah hiss edirəm. Uçmaq istəyirəm! Quş kimi.

İlk görüşə tələsirəm. Ürəyim də köksümə sığmaq istəmir: çırpınır - həyəcandan, sevincdən.

Saatıma baxıram. Görüş vaxtına hələ yarım saat var. Düz yarım saat. Elə bil əqrəblər də yerində sayır. Tələsmək bilmir.

Evdən çıxıram. Bir dənə də qönçələnmiş qızıl gül əlimdə. Güldən xoş ətir iyi gəlir. Çox iyləməkdən qorxuram. Qorxuram ki, ətri azala. Bəli, qorxuram.

Tələsirəm. İlk görüşə tələsirəm. Küçə ilə addımlayıram. Adamlara nəzər yetirirəm: hamı hərəkətdədir. Kimi küçə boyu başaşağı, kimi başyuxarı. Mənim tək tələsəni də var, yerişinə haram qatmaq istəməyəni də. Amma hamıdan çox deyəsən, mən tələsirəm. Bilmirəm, bəlkə mənə belə görünür.

Görüş yerinə az qalır, lap az. Bir cüt gənc qabağımdan keçir. Tələsmədən. Qayğısız körpə kimi. Şirin söhbət edə-edə. Qız oğlanın qoluna girib. Az qala başları bir-birinə toxunsun. Baxıram. Həsrətlə, daha da tələsirəm.

Artıq görüş yerinə çatıram. Dəqiqələrsə başa gəlmir. 15 dəqiqə… 10 dəqiqə…Uzun çəkən intizar dəqiqələr. Arabir gülü iyləyirəm. Onun gülünü. Ətirli gülünü.

…Dəniz kənarında var-gəl edirəm. Qarşımda füsunkar mənzərə canlanıb. Kaş rəssam olaydım! Təbiətin insanlara təmənnasız bəxş etdiyi bu gözəlliyi tərənnüm edə biləydim. Bədirlənmiş ayın gümüşü telləri Xəzərin mavi sularında nazla çimir. Ay da Xəzərin görüşünə gəlib. Mənim kimi. Aya da, Xəzərə də qibtə edirəm…

Vaxtdır. Saatın əqrəbləri səkkizin üstündə qovuşur. İntizar-intizar ətrafa boylanıram. Elə bu ara onu asta yerişindən tanıyıram. Yaxınlaşır. Dəniz küləyi onun pərişan saçlarını ehmalca oxşayır. Daraq çəkir. Onun da əlində çiçək var. Tez-tez qoxlayır. Əlindəki çiçək onun məsum baxışı kimi nüfuzedici, yanağı kimi aldır. Elə bil çiçək gözəlliyi ondan alıb.

Məcnun söyüdün altındakı skamyada otururuq. Yanaşı, lap yanaşı. Söyüdün budaqları əyilib, onun saçını, üz-gözünü qucaqlamaq istəyir, mane oluram. Budaqları astaca kənar edirəm. O, üzümə baxır. Heyran-heyran. Gözləri gülür. Ayın dənizin üzünə səpələdiyi şəfəqlər kimi. O, mənim əlimdəki gülü iyləyir, mən onun. Sanki bütün güllərin rayihəsi ətrafımıza səpələnib. İsti nəfəsimiz bir-birinə qarışır…

Ay da, Xəzər də bizə baxır. Xəzər Aya nəsə pıçıldayır. Həzin-həzin. Ayın da şəfəqli dodaqları səyriyir. İndi onlar bizə qibtə edirlər: Ay da, Xəzər də…

1968.


Axtarma məni


Arayıb-axtarma, özünü yorma, kimsədən sorma məni. Nə xeyri? Əbəsdir bu cəhdin. Nəyə lazım bu canfəşanlıq? Onsuz da tapa bilməzsən məni. Heç yanda tapa bilməzsən. Heç yanda. Göyün yeddinci qatına çıxsan da.

Arayıb-axtarma, özünü yorma, kimsədən sorma məni: nə qışda, nə payızda, nə yayda, nə də yazda. Yoxam artıq səninçin. Çoxdan yoxam. Göyə uçmuşammı, yerə batmışammı – hara qeyb olmuşam? Nə dəxli? Nəyə gərəkdir bu yersiz təşviş? Kimə lazım bu cəhdin, bu axtarış?

Arayıb-axtarma, özünü yorma, kimsədən sorma məni. Onsuz da tapa bilməzsən. Uzaqdayam. Çox uzaqda. Böyük bir məsafə var aramızda: Yerlə Göy qədər. Uca dağlar, keçilməz dərələr, intəhasız dənizlər ayırır bizi. Buzlu okeanlar sədd çəkib aramıza. Özün yaratmısan bu buz okeanlarını. Soyuq qəlbindən əmələ gəlib bu keçilməz buzlaqlar, bu buz yollar.

Arayıb-axtarma, özünü yorma, kimsədən sorma məni. Xeyri yoxdur onsuz da. Yetər nazınla oynadığım: şıltaqlığına dözdüyüm, hikkənə, ədana tab gətirdiyim. Bu illər ərzində səndən nə gördüm ki?! Yalnız və yalnız soyuqluq, biganəlik, laqeydlik. Qəlbin soyuq. Baxışların donuq. İddian böyük. Harınlıq yuvasıdır qəlb evin. Qaranlıq komadır ora: uçuq, kasıb, darısqal bir koma.

Yetər artıq. Yetər. Bir daha axtarma, özünü əbəs yorma, kimsədən sorma məni. Baş tutmaz bu cəhd. Qorxuram: biganəlikdən, soyuqluqdan. Donmaqdan qorxuram. Dondurar varlığımı o soyuqluq, o biganəlik. Qorxuram. Yaman qorxuram: biganəlikdən, laqeydlikdən…

1985

Taleyimi sənə tapşırıram


Taleyimi sənə tapşırıram. Sənə etibar edirəm onu. Qəlbimi də üstəlik verirəm. Al, apar. Qoy sənin olsun. Sənin qismətindir ürəyim. Yetər bu çağa kimi eşqimizi gizli saxladığımız. Gizli alışıb-yandığımız. Bəs deyilmi bu uzun sınaqlar? İllər keçir axı! Geri dönmür bir də. Öz işini görür. Heç bizdən soruşmur da.

Gəl son qoyaq üzüntülü intizara. Birdəfəlik onunla vidalaşaq. Qovuşaq daha. Birləşsin qəlbimiz. Həmişəlik. Qoy məhəbbət yar olsun bizə. Qüvvət versin qollarımıza. Bizim sınaqdan çıxmış təmiz məhəbbətimiz. Pak, dözümlü məhəbbətimiz. Qoy səadətə qovuşdursun. Ağ günlərə aparsın bizi.

Verək əl-ələ. Əlbir olaq. Qataq səsimizi bu gen dünyamızda sevənlərin səsinə. Birgə coşaq-çağlayaq. Kam alaq həyatdan. Şaqraq səsimiz yayılsın uzaqlara. Yerə-göyə, asimana. Hamı qibtə etsin bizə. Dözümlü, pak məhəbbətimizə. Sınaqlardan çıxmış ülvi məhəbbətimizə. Hər cür borandan-tufandan üzüağ çıxmış üzüağ eşqimiz.

Taleyimi sənə tapşırıram. Sənə etibar edirəm onu. Qəlbimi də üstəlik. Al, apar. Qoy sənin olsun!

1970.