Moskva Bakı ilə daha çox yaxınlaşmaq istəyir

3 Sentyabr 2015 09:50 (UTC+04:00)

Xəbər verildiyi kimi, sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ölkəmizdə səfərdə oldu. Lavrovun Prezident İlham Əliyevlə görüşü zamanı iki ölkə arasında ikitərəfli münasibətlərə toxunmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində oldu.

Görüşün ikitərəfli münasibətlərin, regionda vəziyyətin, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını bildirən Sergey Lavrov bu konfliktin həllində müəyyən irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu deyib. Artıq bir sıra siyasi şərhçilər Lavrovun bu səfərini Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşməsinin növbəti göstərici olduğunu deyirlər.

Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, siyasi və beynəlxalq məsələlər üzrə ekspert Ceyhun Mahmudov bildirdi ki, Rusiya Dağlıq Qarabağa münaqişəsinin həllində birbaşa iştirak edən ölkə, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir: "Amma proseslərin gedişatında Rusiya həmişə Qarabağ probleminin həllinə mane olan tərəf kimi tanınıb. Ümumiyyətlə, Rusiyanın həmsədrlərin içində olması problemli məsələdir. Çünki, moderatorlar bölgədə maraqları olmayan dövlətlər, bölgə dövlətləri olmaması lazımdır. Maraqlı dövlətlərin proseslərin içində olması münaqişənin həllinə mənfi təsir göstərir. Rusiya həm bölgə dövlətidir, həm də bölgədə özünün xüsusi maraqları var. Ona görə də həmsədrlərin arasında Rusiyanın olması moderatorluq məntiqinə ziddir. Bu günə qədər Rusiyanın rolunu təhlil etdikdə görürük ki, Rusiya Qarabağ münaqişəsinin həllinə konkret olaraq maneə törədib. Amma hazırda Rusiya ilə Azərbaycanın münasibətlərində yaxınlaşma hiss edilir. Xüsusən də 2008-ci ildə Rusiyanın Gürcüstana daxil olması, hazırda Ukryanada baş verən məsələlərsonra sanki Rusiyanın ən azından öz imicini düzəltmək üçün hansısa addım atacağına inam yaradıb".

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay "Mövqe"yə bildirdi ki, Lavrovun Azərbaycana səfəri son zamanlar artan atəşkəs pozuntularının yaşandığı bir vaxtda olması diqqəti cəlb edir: "Azərbaycan-Rusiya münasibətlərinin hər keçən gün dərinləşməsi, iqtisadi və siyasi sahədə Azərbaycanın gücünü bölgədə daha da çox hiss etdirməsi gələcək günlərdə Lavrovun Bakıya səfərlərlərinin sayını artıracaq. Türkiyə ilə Rusiya arasında özəlliklə Suriya məsələsində baş tutan görüşdə fikir ayrılıqları, enerji məsələsində imzalanması gözlənilən bəzi müqavilələrin təxirə salınması Rusiya üçün Azərbaycanın önəmini daha da artırıb. Azərbaycan beynəlxalq qurumlar yanındakı üstünlüklərdən istifadə edərək problemlərini həll etməyə çalışmalıdır. Bu baxımdan Lavrovun Bakıya gəlməsi və Qarabağla bağlı müvafiq fikirlərini bəyan etməsi Bakı üçün önəmli bir üstünlükdür. Bu üstünlüyü həll prosesinə çevirmək və gözləntiləri gerçəkləşdirmək mövzusunda Azərbaycan diplomatiyası addımlar atacaq".