Məktəbə getməyin qiyməti-REPORTAJ+FOTOLAR

2 Sentyabr 2015 17:29 (UTC+04:00)

Artıq bir neçə ildir ki, dövlət ölkənin ümuməhsil müəssisələrində təhsil alan şagirdlərinin dərslik yükünü öz üzərinə götürməklə, valideynlərin dərs ili ərəfəsi çəkdikləri xərci xeyli azaldıb. Amma bu heç də valideynləri məktəb qayğılarından tam azad etməyib. Dəftər, qələm, çanta, digər məktəbli ləvazimatları, həmçinin məktəbli forması almaq valideyenlərin boynuna düşdüyündən, onlar övladlarının bu ehtiyaclarını qarşılamaq üçün bu tədris ili də əllərini ciblərinə salmalı olacaqlar. Mağazalardakı qiymətlərə nəzər salanda isə aydın olur ki, bu il övladını məktəbə yola salan valideynlər bunun üçün ən azı bir aylıq məvaciblərindən keçməlidirlər.

Mağaza sahibləri, satıcılar yeni dərs ili ərəfəsi məktəbli ləvazimatlarının, geyimin qiymətində bahalaşma olmadığını desələr də, valideynlər artıq bu bahalaşmanı hiss etdiklərini deyirlər. Dəmiryol Vağzalı ətrafındakı mağazalardan məktəb bazarlığı edən Pərvanə və Leyla bacıları Movqe.az-ın əməkdaşı ilə söhbətdə ən çox bahalaşmanın məktəbli çantalarında və uşaq köynəyi, ayaqqabısında olduğunu söyləyiblər: "Keyfiyyətli məktəbli çantalarının qiyməti 25-30 manatdır. Əvvəl 7-8 manata olan ağ məktəbli köynəklərinin qiyməti 12-15 manata qalxıb. Uşaq ayaqqabılarına isə yaxın düşməli deyil. Uşağa qismən keyfiyyətli ayaqqabı almaq istəyirsinizsə 25-30 manatı bir kənara ayaqqabı üçün qoyun".

Valideynlər məktəbli ləvazimatlarının qiymətinin də bəzi brend mağazalarda çox yüksək olduğunu söylədilər: "Birinci yolunuzu brend məktəbli ləvazimatları mağazalarından salın. Sonra Vağzalın ətrafındakı, keçiddəki mağazalara baş çəkin. Özünüz fərqi görəcəksiniz".

Bizdə yolumuzu ilk öncə məktəb və ofis ləvazimatlarının satışı ilə məşğul olan məşhur "Nil" mağazasından salırıq. Burada qiymətlər çox yüksək olsa da, alış-veriş edənlər kifayət qədər idi. Amma məktəbyaşlı uşaqları ilə alış-verişə çıxan valideynləri qiymətdən çox alacaqları malların forması, dəbə uyğun olub-olmaması maraqlandırırdı. Valideynlər əvvəlcə məktəb çantaları satılan şöbəyə baş çəkirdilər. Çantaların qiyməti isə çox baha idi. Mağazada satıcı ilə söhbət zamanı öyrəndik ki, ən bahalı "Benetton"çantasının qiyməti

149 manat 50 qəpikdir. "Dönməzlər" PLÇAN təkərli, eyni zamanda bel çantasının qiyməti isə 116,90 manatdır. Mağazada bu firmaların 74, 67, 48 manat qiyməti olan çantaları da var. Maraqlıdır ki, sadəcə, hər hansı bir detalındakı dəyişikliyə görə bir firmanın eyni materialdan hazırlanan çantalarının qiyməti arasında az qala 30 manat fərq var idi. Satıcının bizə dediyinə görə, bu il həm qızlar, həmçinin də oğlanlar üçün məktəb çantalarının ən dəbdə olanı səfər çemodanları kimi başlıqlı tutacağı və altında təkərləri olan çantalardır. Bu formada olan digər təkərli çantalar isə 67-100 manata təklif olunur.

"Nil" mağazasında digər məktəbli ləvazimatlarının qiyməti də yüksək idi. Məsələn, burada məşhur "Alfa" Rusiya istehsalı olan dəftərlərin qiyməti 1 manat 30 qəpikdir. Eyni firmanın 1 manat 30 qəpiyə, 90 qəpiyə təklif olunan dəftərləri də var. Ümumiyyətlə satışdakı 12 vərəqli Rusiya istehsalı olan dəftərlərin qiyməti 40 qəpikdən aşağı deyildi. Bu mağazada rəsm albomlarının ən ucuzu 2 manat 20 qəpiyə təklif olunurdu. Ən bahalı "Kəskin Color" rəsm albomları isə 4 manat 60 qəpiyə, 3 manat 40 qəpiyə təklif olunurdu.

"Faber-castell" firmasına məxsus 24 rəngli karandaş dəstlərinin qiymməti 15 manat-18 manat arasında dəyişir. Alpino firmasının karandaşları isə 7 manat 40 qəpikdən 10 manatadəkdir. Burada hətta ən ucuz məktəb ləvazimatı olan pozana da 1 manat 60 qəpik qiymət qoyulub. Satışda 3 manat 20 qəpiyə də pozanlar var. 80 vərəqli spirallı A5 dəftərləri 3 manat 90 qəpiyə, spiralsızları isə 1 manat 30 qəpiyə satılır. Flomasterlərin qiyməti isə 2 manatdan başlayaraq 8 manatadəkdir. Satıcılar qiymətlərin yüksək olmasının səbəbini mağazada dünyanın ən tanınmış firma məhsularının satışa çıxarılması ilə izah etdilər.

"Nil"dən bazarlıq etməyə gücü çatmayanlar isə yolunu "28 may" metrostansiyasının yaxınlığındakı yeraltı keçiddən və ətrafdakı məktəbli ləvazimatlarının satıldığı mağazalardan sala bilər.

6-cı sinifə gedən uşağına dəftər qələm alan Samirə adlı valideyn isə məktəb bazarlığını az-az etdiyini söylədi: "Valideynlərin çoxu məvacibə baxan adamlardır, neyləsinlər, nə vaxt əllərinə pul düşsə, onda alırlar. Biri elə mən. Kim istəməz ki, məktəbə gedən övladının heç nəyi əskik olmasın?. Ona görə də öz əmək haqqımdan uşaqların məktəb ləvazimatlarını alıram. Atası maaşını alanda da məktəbli formalarını alacam. Alış-verişə indidən başlamışam ki, məktəb çatana qədər uşaqların məktəb qayğılarından qurtaraq".

Valideyn ötən illə müqayisədə qiymətlərdə qismən bahalaşma olduğundan da gileyləndi. Onun sözlərinə görə, ən çox qiyməti artan məktəbli çantaları və ayaqqabılardır.

"28 May"metrostansiyasının yaxınlığındakı keçiddə və ətrafdakı mağazalarda 12 vərəqli dəftər 6 qəpikdən bahalaşaraq 10 qəpiyə, 48 vərəqli dəftər 1 manata, 96 vərəqli dəftər 1.20, 100 vərəqli dəftər 1.70 qəpiyə satılır. Rəngli karandaşların qiyməti isə 1 manat 50 qəpikdən 2 manat 50 qəpikə kimi dəyişirdi. Satıcı ən bahalı karandaşların Almaniya və Türkiyənin istehsalı olduğunu bildirdi. Bundan başqa, buradan diyircəkli qələmləri 10-40 qəpiyə, plastilini 40 qəpik-2 manata, pozanı 10 qəpiyə, pərgarı 30 qəpik-8 manata əldə etmək olar. Yapışqan 1 manat 20 qəpiyə, karandaş yonan isə 60-40 qəpiyə satılırdı. Rəsm dəftərlərinin qiyməti isə vərəqlərinin sayına görə, 60 qəpik 2 manat arasında dəyişirdi. Satıcı məktəb ləvazimatlarının əsasən, Rusiya, Türkiyə və Çinin istehsalı olduğunu bildirdi. Məktəblilərin ən çox işlətdiyi ləvazimat olan dəftərin də qiymətində fərq var. Rusiya istehsalı olan dəftərlər 10-20 qəpik civarında digərlərindən baha satılır. Satışda yeganə Azərbaycan məhsulu milli dəftərlər idi ki, onların da üzünə baxan yox idi. Satıcı bunun səbəbini, ölkəmizdə istehsal olunan dəftərlərin cızıqları arasında məsafənin standartlara uyğun olmaması ilə izah etdi: "Bizim dəftərlərimizin keyfiyyətindən valideynlər də şikayətlənir. Deyirlər ki, uşaq iki dəfə vərəqləyən kimi əskiyə dönür. Xətlərin arasında məsafə də qeyri-satandart olur. Bir də görürsən ki, dəftərin arasında iki cızıq yeri boş qalıb. Belə dəftəri şagird necə istifadə etsin? Ona görə də çox adam rus və türk dəftərlərinə üstünlük verir".

Satışda çantaların qiyməti də forma və istehsal edildiyi ölkəyə uyğun dəyişirdi. Çin istehsalı olan çantaların qiyməti 9 manatdan başlayırdı. Amma satışda 20 manata Türkiyə istehsalı olan çantalara da rast gəlmək mümkün idi. Keçiddə alver edən Mahir Mürsəlovun dediyinə görə, çantalar ən çox üzərindəki şəkillərə görə alınır: "Oğlanlar ən çox "hörümçək adam" şəkli olan çantanı bəyənirlər. Qızlar isə Barbie gəlinciyinin şəkli olan çantaları xoşlayırlar".

Satışda iş dəftərləri də olsa satıcılar validyenlərin hələki iş dəftəri almadığını söylədilər: "Deyirlər bu tədris ilində iş dəftərləri istifadə olunmayacaq. Ona görə də alan yoxdur".

Amma paytaxtda məktəbli ləvazimatlarının ucuz satıldığı və endirim təklif edən mağazalar da var. Dəmiryol İdarəsinin yaxınlığından, Səməd Vurğun bağı ilə üz-üzə yerləşən Oyal mağazasında satıcı məktəbli ləmazimatlarına 20 faiz endirim olduğunu söylədi. Satıcı ilə söhbət zamanı öyrəndik ki, bu mağazada məktəbli çantalarının qiyməti 9 manatdan 35 manatadəkdir. 12 vərəqli yerli məhsul olan dəftərlərin qiyməti 10 qəpik, 40 vərəq 20 qəpik, 60 vərəq isə 30 qəpikdir. Rəngli karandaşların qiyməti isə 80 qəpikdən 1 manat 20 qəpiyədək dəyişir.

Məktəbə məktəbli formasında getmək şərt olduğundan, valideynlər artıq övladları üçün məktəbli forması alış-verişinə də çıxıblar. Məktəbli formaları xüsusi satış mağazalarında satıldığından, formalara az-az rast gəlmək mümkün idi. dik. Satıcılar bildirdilər ki, formanı "Bakı Tikiş Evi" istesal etdiyindən məktəbli formalarını da ancaq Tikiş evinin satış mərkəzlərindən almaq mümkündür. Xatırladaq ki, BTE məktəbli formalarının satış qiymətini açıqlayıb. 1-6 siniflər üçün məktəbli formasının qiyməti 26 ölçüdən 44 ölçüyədək oğlan və qızlar üçün 34 manat təşkil edir. 7-11-ci siniflər üçün isə 32-54 ölçüdə kostyum 43 manatdır. Amma satışda tək-tək pencək və şalvarlar da var. Məktəbli formasına bənzəyən tək göy rəngli şalvarlar 10 manata, pencəyi isə 17 manata almaq mümkündür. Ayaqqabıların qiyməti isə keyfiyyətinə görə dəyişir. 12 manatdan 45 manatadək. Apardığımız kiçik müşahidələr göstərdi ki, məktəbə bir uşağın getməsi üçün ən azı 150 manat tələb olunur. Bir evdən iki uşaq məktəbə gedirsə bu xərc böyüyərək 300, 350 manata çatır.