İrəvanda etirazçılar Hökümət evinə girişi bağlamaq istəyir

3 Sentyabr 2015 12:30 (UTC+04:00)

Sentyabrın 4-də İrəvanda etirazçılar Hökümət evinə girişi bağlayaraq nazirlər kabinetinin əməkdaşlarını iş yerlərinə buraxmamaq niyyətindədirlər. Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Ayağa qalx, Ermənistan" vətəndaş təşəbbüsünün rəhbərlərindən biri Andreas Qukasyan bildirib.

"Hesab edirik ki, artıq bu hakimiyyətin vaxtı keçib. Sentyabrın 4-də keçirəcəyimiz aksiyalar elektrik enerjisinin bahalaşmasına etiraz edənlər və ölkədə konstitusiya islahatlarına qarşı çıxanları birləşdirə bilər. Biz Ermənistanda növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edəcəyik", deyə A. Qukasyan bildirib.

Qeyd edək ki, sentyabrın 1-də İrəvanın mərkəzindəki Baqramyan meydanında "Soyğunçuluğa yox" hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib.