Azərbaycanda qeysəriyyə yolu ilə dünyaya gələn uşaqların faizi artıb

3 Sentyabr 2015 15:45 (UTC+04:00)

"Azərbaycanda cərrahi müdaxilə ilə doğulan uşaqların sayı artıb".

Bu barədə Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev məlumat verib. N. Quliyev bildirib ki, cərrahi müdaxilə yolu ilə uşaqlar daha çox özəl tibb mərkəzlərində dünyaya gəlir. Onun sözlərinə görə, qanun və təsdiqlənmiş qaydalara əsasən uşaqların cərrahi yolla dünyaya gəlməsinə ancaq tibbi göstəriş olduğu halda yol verilməli olsa da, əksər hallarda özəl klinikalarda maddi marağa görə, hamilə qadınlar tibbi göstəriş olmadan cərrahi əməliyyat olunur: "Buna bizdə qeysəriyyə əməliyyatı deyirlər. Əslində isə bu sezəriyyə əməliyyatıdır. Roma mifinə görə, sərkərdə Yili Sezar ölü ananın qarnı kəsilərək çıxardılıb. Ona görə də, uşaqların cərrahi yolla dünyaya gəlməsinə bir çox ölkələrdə sezəriyyə əməliyyatı deyirlər. Bizdə isə qadının cərrahi yolla uşaq dünyaya gətirməsi qeysəriyyə kəsiyi əməliyyatı adlandırırlar. Bu o anlama gəlir ki, yalnız tibbi göstəriş olarsa, ananı, uşağı itirmək təhlükəsi olarsa hamilə qadın cərrahi yolla, indiki sözlə qeysəriyyə yolla uşaq dünyaya gətirə bilər. Reallıqda isə Azərbaycanda bu belə deyil. Hamilə qadın tam sağlamdır, kefdə-damaqdadır amma doğuş sancısı çəkməmək üçün, yaxudda hansısa həkimin maddi marağı üçün uşağı cərrahi yolla dünyaya gətirir. Dünyada qəbul olunmuş normaya görə, doğuşa cəlb olunan qadınların 15, maksimum 20 faizi cərrahi müdaxilə ilə uşaq dünyaya gətirə bilər. Bizdə isə bu faz son illər artıb və günü-gündən də artmaqda davam edir. Əlbəttə Səhiyyə Nazirliyi tərəfindən bu cür hallara qarşı mübarizə aparılır. Elə son illər bəzi özəl klinikalara lisenziyanın ləğv olunmasının, lisenziyanın müddətinin uzadılmamasının səbəblərindən də məhz biri bu amillə  bağlıdır".

N. Quliyev deyir ki, bütün dünyaya hamilə qadınların cərrahi yolla hamiləlikdən azad edilməsi ən son atılan addımdır: "Uşağın təbii yolla dünyaya gəlməsi üçün dərman vasitələrindən istifadə etməklə təbii doğuş provakasiya edilir. 

Baş pediatr deyir ki, təbii yolla doğulan uşaqlarla cərrahi müdaxilə ilə doğulan uşaqlar arasında dağla aran qədər fərq var: "Siz təsəvvür edin ki, bu fərq ən yüksək zirvə ilə ən dərin çuxur arasında olan fərq qədər böyükdür. İnsan ömrü üç dövrə bölünür. Ana bətnindəki dövr, doğuş dövrü, dünyaya gəldikdən sonrakı dövr. İndi özünüz təsəvvür edin, görün doğuş dövrü insan həyatının necə vacib bir hissəsidir ki, onu insan ömrünün bir dövrü adlandırırlar. 8-10 saniyəlik doğuş dövrü bizim təsəvvür etmədiyimiz qədər vacib bir prosedurdur. Hansı ki, həmin an dünyaya gələn uşaqda doğuş yollarından keçməklə bir neçə proses baş verir. Uşaq göbək ciftindən ayrılmaqla öz qan dövranı yaranır. Uşaq doğuş yollarından keçərkən onun ciyərindəki 30 milli su məhz doğuş prosesi zamanı xaric olur. Hələki tibbdə elə bir texnologiya yoxdur ki, uşağın ciyərindən bu suyu süni yolla xaric etsin. Məhz doğuş prosesində uşağın ağciyərindəki bu su uşaq doğuş yollarından keçərkən sıxılaraq xaric olur. İndi təsəvvür edin uşaq dünyaya cərrahi yolla gəlir. Yəni bu proseslərin heç birini keçmədən. Uşağın ağciyərindəki o suyu çıxaracaq heç bir tibbi qurğu, vasitə yoxdur. Belə uşaqlarda, yəni qeysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqlarda ona görə də, tənəffüs pozğunluğu xəstəliyi baş qaldırır. Bunu valideynlər dərk etməsə belə, bu ananın özününün bilərəkdən uşağı üçün qeysəriyyə əməliyyatı zamanı qazandığı bir xəstəlikdir. Uşaq dünyaya fizioloji qayadlara uyğun dünyaya gəlmədiyindən, uşağın sağlamlığında müxtəlif fəsadlar yaranır. Bəzən ağciyərlərdən xaric olunmamış o su iltihablaşaraq uşağı öldürə bilər. Ona görə də, hamilə qadınlara tibbi göstəriş olmadan uşağı cərrahi yolla dünyaya gətirməyin onun gələcək övladında hansı fəsadlara yol açacağı həkimlər tərəfindən başa salınmalıdır. Hamilə qadınlar bununla bağlı marifləndirilməli, təbii doğuşun ana və uşaq üçün üstünlükləri təbliğ olunmalıdır. Əks halda bu fazi artmaqda davam edəcək".