Milli satqınlar…

10 Sentyabr 2015 10:45 (UTC+04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. Müşavirədə ölkə rəhbəri bəzi dairələrin qarşı çirkin kampaniyanı davam etdirdiyiən də xüsusi diqqət yetirdi. Dövlət başçısı vurğuladı ki, "beşinci kolon", milli satqınlar, xainlərin ödkədə meydan oxumasına imkan verilməyəcək. Bu xüsusda narahatlıq doğuran digər məqam odur ki, daxildə qərəzli xarici dairələrin alətinə çevrilənlər var.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycanda ayrı-ayrı xarici dairələrin "ərəb baharı", yeni meydan yaratmaq istəkləri barədə məlumatlar faktlarla təsdiq edilib: "Konkret cinayət əməlinə görə, bir çox insanlar cavab verməli olublar. Külli-miqdarda vəsait vergidən yayındırılıb. Gizli yollarla başqa ölkələrdən ayrı-ayrı QHT-lərin hesabına köçürülüb. Cənab Prezidentin çıxışında bütün bunlar ətraflı şəkildə vurğulandı. Lakin bu ssenarini həyata keçirmək istəyənlər dövlət başçısının vurğuladığı kimi, istəklərinə nail olmadılar. Dövlət olaraq bütün bu proseslərin qarşısında dayanmağı bacardıq. Şübhəsiz ki, millətinə xəyanət edən insan ilk növbədə özünə xəyanət edir. Torpağın dəyərini bilməyən insan heç bir halda öz doğmalarının dəyərini də bilə bilməz. Onlar bütün parametrlərinə görə xəyanətkar adlandırılmalıdır".

Politoloq əlavə etdi ki, cəmiyyət belə faktlarla rastlaşırsa, onların ifşa edilməsinə çalışmalıdır: "Bundan başqa, media bu istiqamətdə fəaliyyət göstərməlidir. Sevindirici haldır ki, Azərbaycan mətbuatının böyük hissəsi bu istiqamətdə fəaliyyət göstərir. Amma bu işdə daha faydalı olmaq üçün daha geniş spektrdə fəaliyyət göstəmək lazımdır. Nə qədər ki, Azərbaycan dövləti, onun müstəqil siyasəti var, bu hücumlar heç vaxt səngiməyəcək. Özünün siyasi maraqlarını həyata kçeirmək istəyən qüvvələr həmişə Azərbaycanda "5-ci kolon"u formalaşdırmağa çalışıblar. Düzdür, Azərbaycan xalqı mahiyyətcə öz Vətənini sevən xalqdır. Heç bir halda xarici dairələrin ölkəmizdə həyata keçirmək istədiyi ssenarinin realalşmasına imkan verməz. Amma onların "tilov"una keçən insanlar da tapılacaq. Azərbaycan isə güclü dövlətdir. Media, ictimaiyyət hər zaman da dövlətin yanında olub və olacaq".

Yurddaş Partiyasının sədri Mais Səfərli isə qeyd edir: "Azərbaycanda müxtəlif vətəndaş cəmiyyəti adından çıxış edərək fəaliyyət göstərən, qanunların verdiyi imkanlardan sui-istifadə edib QHT yaradıb ölkənin əleyhinə işləyən qüvvələr çoxdur. Biz bilirik ki, Azərbaycanın müstəqilliyini, inkişafını istəməyən bəzi dövlətlər, siyasi dairələr burada sabitliyi həmişə pozmağa çalışıblar. Çünki, stabillik inkişafın təməlidir. Stabilliyi də Ulu Öndər Heydər Əliyev öz həyatı bahasına əldə edib. Xalq Heydər Əliyevi hakimiyyətə dəvət edənə qədər Azərbaycan qeyri-sabit dövlət idi. Amma Heydər Əliyevin gətirdiyi həmin stabillik indiyə qədər davam edir. Bu stabilliyə xələl gətirmək inkişafın qarşısının alınması deməkdir. Bizim inkişafımızı istəməyən xarici dairələr məhz daxildəki bəzi qüvvələrdən istifadə edirlər. Bunlarla mübarizə aparmaq mütləqdir. Hüquq-mühafizə orqanlarının bu istiqamətdə apardığı işləri qənaətbəxş hesab etmək olar. Lakin bu, təkcə hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifə deyil. Cəmiyyət tərəfindən də o insanların ətrafında dözülməz şərait yaradılmalıdır. Cəmiyyət onları qınamalıdır".