"Hallowen party"də ölüm hadisəsi baş verib
2 Noyabr 2012 15:50 (UTC+04:00)
Movqe.Az bildirir ki, İspaniyanın paytaxtı
Madriddə təşkil edilən "Hallowen party"də yaşanan izdiham 3
adamın ölümünə, 2 nəfərin yaralanmasına səbəb olub. Madrid Arena
İdman Zalında təşkil edilən,''Thriller Music Party'' adlı
yığıncaqda, giriş zamanı yaşanan izdihamda 2-si 18, biri 25
yaşlarında olan 3 ispan gənc qız dünyasını dəyişib, ağır yaralanan
iki gənc qızın xəstəxanaya aparıldığı bildirilib. Yaralılardan
birinin vəziyyətinin çox ağır olduğu söylənilib. İlk yardım qrupu
Samurdan verilən məlumata görə, bir qrup gəncin ürəklərinin
dayandığına dair çağırış gəldiyi və dərhal hadisənin baş verdiyi
yerə gedildiyi bildirilib. Açıqlamada üç gənc qızın da hadisə
yerində öldüyü də söylənilib. Samur, yığıncaqda cəmi 50 nəfərə
sağlamlıq yardımı göstərildiyini açıqlayıb. Hadisədən sonra
da davam edən "Hallowen party" ilə əlaqədar polis istintaq açıb.
Madrid bələdiyyə rəsmiləri isə izdiham və sonra baş verən ölümlərin
təhlükəsizlik problemindən qaynaqlanmadığını bildiriblər. Şahidlər
də 10 mindən çox adamın qatıldığı yığıncaqda, adamların çox
olduğunu irəli sürərək, ''Tam bir dəhşət idi.'' deyiblər.