Söyün Sadıqovun emissarları Bakıda gizli görüş keçirir
6 Noyabr 2012 12:55 (UTC+04:00)
Yeni yaradılmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının
(ÜATİ) Koordinasiya Şurasının üzvü, Azərbaycan Milli-Mədəni
Muxtariyyatı - "AzerRos"un prezidenti Söyün Sadıqovun iki emissarı
Azərbaycandadır. Lent.az-ın məlumatına görə, onlar burada əsasən
Qarabağ əsilli tanınmış şəxslərlə görüşlərə başlayıblar.
Mənbənin dediyinə görə, Azərbaycana gələn şəxslərdən biri Sadıqovun
yaxın qohumudur. Digər şəxs isə milliyətcə qeyri-azərbaycanlıdır.
Onların əlində konkret siyahı var və artıq neçə gündür ki,
siyahıdakı adamlarla görüşməyə çalışırlar. Həmin söhbətlərin
başlıca mövzusu isə yeni yaradılmış ÜATİ və onun gələcək
perspektivləri, Azərbaycanın daxili siyasətində oynayacaq rol, ən
əsası da Rusiyanın Qarabağ məsələsində vasitəçiliyinin faydalı ola
biləcəyi, sülhə hazırlıq və s. barədədir.
Əldə etdiyimiz məlumatda o da bildirilirdi ki, "qonaqlar" tanınmış
qarabağlılardan biri, Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid
Camal Əzimbəyli ilə də görüşüblər. Lent.az-a açıqlamasında Seyid
Camal Əzimbəyli faktı təsdiq edərək bildirdi ki, həmin şəxslər bir
neçə gün əvvəl onu Bakının dəbdəbəli restoranlarının birinə dəvət
ediblər: "Onlar ÜATİ-nin gələcəkdə Azərbaycan siyasətində
oynayacağı roldan danışırdılar, Qarabağ məsələsinin həllində Rusiya
faktorunu qabardırdılar və biz qarabağlıların bu məsələdə oynaya
biləcəyi rola işarə vururdular. Mən mövqeyimi izah etdim ki, hər nə
olursa-olsun, Azərbaycan dövlətinin maraqları mənimçün başlıca
məsələdir və mən dövlətimin əleyhinə olan heç bir söhbətdə iştirak
etməyəcəm. Buna görə də heç çörək belə kəsmədən həmin şəxslərdən
ayrıldım".