Afrika taunu Azərbaycanı da təhdid edə bilər
6 Noyabr 2012 14:35 (UTC+04:00)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qafqaz regionunda
donuzlarda Afrika taunu epidemiyası olması barədə xəbərdarlıqla
çıxış edib. FAO-nun baş baytarı Xuan Lubrotanıpn yaydığı
bəyanatında bildirib ki, Qafqazda xəstəliyin son hallarının
analizinin nəticələri onu göstərir ki, regionu ən yaxın vaxtda
donuz taununun yeni epidemiyası gözləyə bilər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova
Azərbaycanı heç bir təhlükə gözləmədiyini bildirib: "Ümumiyyətlə
bizim sanitar xidmət nəzarət altındadır. Bununla bağlı heç bir
müraciət daxil olmayıb. Gigiyena və Epidemiologiya Mərkəzi
tərəfindən Azərbaycandakı epidemioloji vəziyyət nəzarət altında
saxlanılır. Bizim ölkə üçün hələ ki, elə bir təhlükə
gözlənilmir."
Azərbaycan Kənd Təsərrüfatı Naziriyinin Dövlət Baytarlıq Xidmətinin
mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məsələ ilə əlaqədar
Movqe.az saytına aşağıdakıları bildirib: "Afrika taunu Rusiyanın
cənub zonasında geniş formada yayılmışdır. Orada böyük donuzçuluq
kompleksləri fəaliyyət göstərir. Bu komplekslərdə bu xəstəlik
hardasa 3 ildən çoxdur ki, davam edir. Verilən məlumata görə həmin
ərazilərdə bu xəstəlik hələdəmövcuddur. Azərbaycanda bu xəstəlik
bir dəfə 2008-ci ildə baş vermişdir. Bu hal Qəbələ rayonunun Nic
kəndində aşkar edilmişdir. Kənd qısa müddətdə karantinə
götürüldü. Ərazidə olan donuzlar məhv edildi. Müvafiq profilaktik
tədbirlər həyata keçirildikdən sonra donuz saxlanmasına icazə
verildi. Onu da qeyd edim ki, Azərbaycanda o qədər də yüksək
səviyyədə donuz saxlanılmır. Böyük komplekslər yoxdur. Sadəcə ölkə
üzrə 6 mindən biraz çox donuz saxlanılır. Onlar da ayrı-ayrı
təsərrüfatlarda qapalı şəraitdə saxlanılır. Açıq şəraitdə heç bir
yerdə donuzlar saxlanılmır. Bu barədə də rayon baytarlıq
idarələrinə qəti sürətdə tapşırıq verilib. Donuzlar qapalı şəraitdə
saxlanılsın və ora kənar adamların daxil olması qadağan edilsin. Bu
gün ölkəmizdə vəziyyət sabitdir. Onu da qeyd edim ki, bu infeksion
xəstəlik diqqətsizlik ucbatından keçə bilər. Heç kim zəmanət verə
bilməz ki, Azərbaycanda bu xəstəlik olmayacaq. Amma ciddi iş rejimi
altında olarsa, təsərrüfütlarımız bugünki kimi fəaliyyət
göstərərlərsə, belə xəstəliyin baş verməsi reallıq kimi görünmür.
Biz çalışırıq ki, bu xəstəlik bir daha ölkəmizdə olmasın. Bu
istiqamətdə lazımı tədbirləri görürük. Bir daha qeyd edirəm ki,
donuzlar lazımı qaydada saxlnılarsa, bu xəstəlikm Azərbaycanda
müşayət olunmayacaq."