İnsan alverinin qurbanları
7 Noyabr 2012 16:11 (UTC+04:00)
Məlum olduğu kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
tərəfindən insan alveri cinayətindən zərər çəkmiş şəxslərə və insan
alverinin potensial qurbanlarına, "Təmiz Dünya" İctimai Birliyi
tərəfindən qadınlara sığınacaq verilir. Küçə uşaqları Azərbaycan
Uşaqlar Birliyi tərəfindən, kişilər isə Azərbaycan Miqrasiya
Xidməti tərəfindən sığınacaqlar ilə təmin olunurlar.
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bu ilin 9
ayı ərzində 78 nəfərə sığınacaq verildiyi haqqında Movqe.az saytına
məlumat verdi: "Keçən il "Təmiz Dünya" İctimai Birliyi tərəfindən
109 nəfərə sığınacaq verilib. Bu il sığınacaq verilən insanların
sayı keçən ilkinə nisbətdə azlıq təşkil edir. Lakin havaların
soyuması ilə mərkəzə müraciət edənlərin sayının çoxalacağını
gözləyirik. Sığınacaq verilən insanlardan 5-6 nəfər xarici ölkə
vətəndaşı, digərləri bizim ölkənin vətəndaşlarıdır. Sığınacaq
verdiyimiz insanlar sırasına həm insan alverinin qurbanları, həm də
potensial qurbanlar var."
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Movqe.az saytına
açıqlamasında 130-dan çox insana sığınacaq verildiyini dedi: "Biz 2
il ərzində 250-dən çox uşaq və yeniyetməyə, o cümlədən 40-dan çox
valideyinə sığınacaq vermişik. Bu ilin 9 ayı ərzində 130-dan çox
insanı sığınacaq ilə təmin etmişik. Azərbaycan Uşaqlar Birliyi
tərəfindən baxımsız şəraitdə yaşayan uşaqlara müvəqqəti sığınacaq
verilir. Yeniyetmələr, istisna hallarda valideyinlər də
sığınacaqlar ilə təmin olunur."