Pensiyaların baza hissəsi 11 manat artacaq

8 Noyabr 2012 07:20 (UTC+04:00)

Gələn ilin pensiya alanların sayı artacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Milli Məclisin Sosial siyasət Komitəsinin iclasında deyib.

O bildirib ki, əsas məsələlərdən biri pensiyaçıların sayıdır. Aparılan təhlillərə görə, 2013-ci ildə 1 milyon 279 min nəfər pensiya alacaq, bu, nəzərdə tutulan göstəricilərdən təqribən 1,1, yəni 1100 nəfər çoxdur. DSMF-nin gələn ildə büdcəsi 2 milyard 632 milyon 700 min manat təşkil edəcək. Vəsaitin 2 milyard 513 milyon manatı pensiyaların ödənməsi üçün nəzərdə tutulur, 70 milyon manat isə sosial müavinətlərə xərclənəcək. Onun sözlərinə görə, gələn il pensiyaların baza hissəsi (orta əmək haqqı) artacaq. Pensiyaların baza hissəsi təqribən 11 manat artaraq 152 mantdan 163 manata çatdırılacaq. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, ilbəil Dövlət Sosial Müdafiə Fondunun büdcəsi daha da artırılıb.