Əli Həsənov: “Azərbaycan da bu sahədə müəyyən problemlərlə qarşılaşır”
10 Noyabr 2012 12:13 (UTC+04:00)
Bakıda ATƏT və Mətbuat Şurasının təşkilatçılığı
ilə "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi"
mövzusunda seminar keçirilir
"Bu gün dünyanın diqqəti Azərbaycana yönəlib.
Çünki Azərbaycanda böyük bir beynəlxalq tədbir 7-ci Dünya internet
idarəçiliyi beynəlxalq forumu keçirilir. Dünyanın 100-dən çox
ölkəsini əhatə edən 1500-ə qədər internet idarəçisi, mətbuat və
informasiya sahəsində çalışan məsul şəxslər, jurnalistlər, dövlət
nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri bu tədbirdə
iştirak edir. Belə bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq
aləmdə Azərbaycanla bağlı müəyyən rəy yaradır. Azərbaycan
problemsiz ölkə deyil. Azərbaycan da söz və mətbuat azadlığının
təmin olunması sahəsində postsovet məkanını əhatə edən digər
ölkələr kimi, müəyyən problemlərlə
qarşılaşır".
APA-nın xəbərinə görə, bunu Prezident
Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli
Həsənov ATƏT və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən
"İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi"
mövzusunda seminarda deyib. Ə.Həsənov deyib ki, problemlərin
bəziləri təəssüflər olsun ki, Azərbaycanın imicinə mənfi təsir də
göstərir: "Bu bəzi qrupların, təşkilatların kombinasiyasının
nəticəsi kimi meydana çıxır. Bəziləri isə məlumatsızlığın və
peşəkarlığın az olmasından irəli gəlir. Bu gün bizim bura
toplaşmağımızın səbəbi də məhz peşəkarlığın az olmasının qarşısını
almaq üçündür".
PA şöbə müdiri bildirib ki, ilk dəfədir ki, həm
dövləti, həm mətbuat ictimaiyyətini, həm də Azərbaycanın üzv olduğu
ATƏT-i təmsil edən qurumların birgə təşəbbüsü və dövlətin maliyyəsi
ilə belə bir yardım tədbiri keçirilir. Media sahəsində olan
problemlər barədə danışan Ə. Həsənov bunları deyib: "İlk növbədə
jurnalistlərin ictimai tədbirlərdə, öz yerlərini və funksiyalarını
düzgün müəyyən etməmələri nəticəsində həmin tədbiri işıqlandırarkən
lazımi prosedurlara əməl etmək əvəzinə, bu tədbirlərin qarşısını
almağa yönələn qurumlarla jurnalistlər arasında müəyyən problemlər
yaranır. Misal olaraq deyə bilərəm ki, bu il keçirilən "Eurovison"
müsabiqəsi ərəfəsində Azərbaycanda belə bir hal baş verdi. Dövlət
Neft Şirkətinə məxsus ərazilərdə qanunsuz tikililərin və
qeyri-qanuni məskunlaşmalara qarşı tədbirlər həyata keçirilərkən
orada qanunsuz məskunlaşan vətəndaşlar arasında qarşıdurma yarandı.
Dövlət Neft Şirkətinin vəzifəsi öz ərazilərini qanunsuz
məskunlaşmadan qorumaq, qanunsuz məskunlaşmaları təmizləməkdir.
Çünki oradan çıxarılan neft məhsulları bizim dövlət büdcəmizi
formalaşdırır. Bəzi vətəndaşlar isə təəssüf ki, həmin əraziləri
zəbt edib özlərini evlər tikiblər. Təəssüflə qeyd edim ki, həmin
qarşıdurmada jurnalist İdrak Abbasov iştirak edib. Həmin jurnalist
artıq buna qədər iki hadisədə belə iştirak edib. Görünür, o ya
yerini düzgün seçmir, ya da belə toqquşmalarda müəyyən qüvvələrin
təhriki ilə qarışıq olan yerə daxil olur, sonra isə jurnalist
olduğunu ortaya qoyur. Bunun nəticəsində də dövlətimizə qarşı
problemlər yaratmış olur. Mən bu hadisənin tam təfsilatına varmasam
da, onu deyə bilərəm ki, ona qarşı güc tətbiq edənlər onun
jurnalist olmadığını təkidlə bildirirlər. İdrak Abbasov isə
jurnalist olduğu üçün belə bir təqibə məruz qaldığını iddia edir.
Bir daha deyirəm ki, biz belə halların qarşısını almaq üçün bu kimi
seminarları təşkil edirik".