Daxili turizmə böyük tələbat yaranır

6 Yanvar 2016 08:00 (UTC+04:00)

Yeni il tətilində daxili turizmə böyük tələb olduğu üzə çıxdı. Belə ki, Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinə bayram günlərində gələn turistlərin sayı 10 mindən çox olub. Bayram günlərində mərkəz ərazisində olan otellərdə 1700 nəfərə yaxın turist yerləşdirilib. Bu, ötən ilin son günü və yeni ilin ilk 3 günündə qeydə alınan göstəricidir. Quba Turizm Mərkəzinə də üz tutan turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çox olub.

Mütəxəssislər vətəndaşların əsasən daxili turizmə üstünlük vermələrini müxtəlif səbəblərlə izah edirlər. İqtisadçı-ekspert Nicat Hacızadə bildirir ki, qış turizmi Azərbaycanda qənaətbəxş olaraq inkişaf edir: "Amma təbii ki, bu Gürcüstan və Rusiya ilə müqayisədə deyil, ötən illərə nisbətdədir. Bəli, ötən illərə nisbətdə bu il qış turizm ilə bağlı Şahdağ, Tufandağ və Qəbələ rayonuna çoxsaylı yerli və azsaylı xarici turistlərin gəlməsi ilə müşahidə olundu. Bu da özü-özlüyündə müsbət bir haldır.

Qiymətlər ötən illərə nisbətdə bir qədər enib. Monitorinqlər göstərir ki, 20%-ə qədər qiymət enmələri var. Burada əsas səbəb dollar-manat nisbəti və o cümlədən adı çəkilən regionlarda hər zövqə və cibə uyğun otel sayının artmasıdır.

Nəzərə alsaq ki, qış turizmi üzrə ən yüksək otel qiymətləri əvvəllər 1 nəfərə 190 AZN-dən başlayırdı. Artıq bu, 160 AZN-dən bir qədər aşağıdır. Xizəklə istirahət edənlər üçün qiymətlər münasibləşib. Belə ki, 2014-2015-ci ilin qış aylarında bu xidmətdən istifadənin yarım günü 15 AZN idisə, hal-hazırda bütün günü bu qiymətlə qiymətləndirilir. Xidmət səviyyəsində də müəyyən qədər keyfiyyət artımı müşahidə olunur. Mənfi məqamlardan biri xizək kirayələmkdir ki, bu da qonşu Gürcüstan və Rusiya ilə müqayisədə 5 dəfə bahadır. Yekun olaraq qış turizmi üçün bu ili uğurlu adlandırmaq olar".

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, vətəndaşlarımızın daxili turizm məkanlarına üz tutmalarının səbəbləri çoxdur: "Bu, ilk növbədə dünyada baş verən müharibələrlə əlaqədardır. Bundan başqa, xarici turizm xidmətləri bahalaşıb. Xarici tuzim şirkətləri ilə müqavilələr buna əsas verir. Ona görə də vətəndaşlarımız daxili turizmə daha çox üstünlük verdilər. Burada əsas amil təhlükəsizlik məsələsidir. Ümumiyyətlə, daxili turizm və gəlmə turizminin inkişafı ölkəmiz üçün əhəmiyyətlidir. Çünki, bu, iqtisadiyyata daha çox gəlir vəd edir".

Ekspert əlavə etdi ki, daxili turizmin inkişafı üçün xidmətlərin çeşidini artırmaq lazımdır: "Eyni zamanda keyfiyyəti yaxşılaşdırmaq vacibdir. Həmçinin daxili turizm xidmətlərinin qiymətlərində ucuzlaşma aparmaq mütləqdir. Çünki, azərbaycanlılar əsasən Gürcüstana üz tuturlar. Gürcüstanda xidmətlərin çeşidləri, qiymətlər bizə nisbətən sərfəlidir. Halbuki, turizmin inkişafı üçün Azərbaycanda bütün şərait mövcuddur. Yəni, ilk növbədə qiymət siyasətinə yenidən baxılmalıdır. İkincisi isə xidmət səviyyəsini artırmaq lazımdır. Üçüncüsü, əlavə xidmətlər yaradılmalıdır".