Dövlət Gömrük Komitəsi (DGK) idxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı növbəti yeniliyə imza atıb.DGK-dan Movqe.az-a verilən məlumata görə, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunmuş ilkin bəyanetmə elektron xidmətindən yararlana biləcəklər.
Bununla əlaqədar, DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf
Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev bildirib ki, gömrük
rəsmiləşdirilməsi ilə bağlı tətbiq olunan yeniliyə əsasən, artıq
idxal-ixrac əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxslər
mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək gömrük
orqanlarına qabaqcadan müvafiq olaraq qısa idxal və ya qısa ixrac
bəyannaməsi təqdim etməklə gömrük orqanlarını apardıqları xarici
iqtisadi fəaliyyət barədə məlumatlandıra bilərlər: "Nəzərinizə
çatdırıram ki, gömrük rəsmiləşdirilməsi ilə bağlı bu yenilik Gömrük
Məcəlləsi və Nazirlər Kabinetinin "Gömrük sərhədindən keçirilən
malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın
təsdiq edilməsi haqqında 263 nömrəli, 22 iyul 2014-cü il tarixli
qərarı ilə reqlamentləşdirilir və Ümumdünya Gömrük Təşkilatı
tərəfindən hazırlanmış "Gömrük XXI əsrdə" sənədi və Ümümdünya
Ticarət Təşkliatı çərçivəsində yeni imzalanmış Ticarətin
Asanlaşdırılması Sazişi müddəalarına cavab verməklə beynəlxalq
praktikada gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, gömrük
orqanları tərəfindən risklərin təhlili, gömrük nəzarətinin daha
çevik və effektiv aparılmasına xidmət edən təcrübə kimi qəbul
edilir".
Təqdim olunan bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan
ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar
barədə qabaqcadan məlumat əldə edəcəklər və bu da, ilk növbədə
sərhəd buraxılış məntəqələrində həmin bəyan edilən mal və nəqliyyat
vasitələrinin daha da surətli keçidi təmin olunmaqla yanaşı gömrük
rəsmiləşdirilməsinin daha çevik və vaxt itkisi olmadan həyata
keçiriləcəkdir.
Bu xidmətdən yararlanmaq üçün sahibkarlar DGK tərəfindən müəyyən
olunmuş prosedura uyğun olaraq sadə qeydiyyat prosesindən keçməklə
gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemlərindən
istifadə edə bilərlər.