“Azəryolservis”də ixtisarlar olacaq – AÇIQLAMA

7 Yanvar 2016 17:10 (UTC+04:00)

"Azəryolservis" ASC-də yeni strukturun formalaşdırılması, idarə və şöbələrin adlarının, ştat vahidlərinin dəyişdirilməsi üzərində işlər aparıldığına görə, cəmiyyətin bütün əməkdaşlarından əmək müqavilələrinə xitam verilməsi barədə ərizələr toplanılır. Bu barədə Movqe.az-a "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Prezidentin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə 28 dekabr 2015-ci il Sərəncamına əsasən, "Azəryolservis" ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb və Nazirlər Kabinetinə cəmiyyətin yeni Nizamnaməsinin, həmçinin strukturunun layihələrini hazırlamaq tapşırılıb.